Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 09:12:00
bp ADNSU -nun mətbəəsinə müasir avadanlıqlar hədiyyə edib

Aprelin 26-da bp şirkətinin dəstəyi ilə yeni avadanlıqlarla təchiz olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mətbəəsinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, yeni avadanlıqlarla təchiz edilmiş mətbəənin açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, bp-nin Xəzər regionunda, kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, universitetin əməkdaşları iştirak ediblər.

 

Rəmzi lent kəsildikdən sonra rektor, professor M.Babanlı və bp-nin vitse-prezidenti B.Aslanbəyli mətbəədə yaradılan şəraitlə tanış olub, müasir nəşriyyat və poliqrafiya avadanlıqlarının iş prinsipi və fəaliyyəti haqqında məlumat əldə ediblər.

 

bp ilə uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışan ADNSU-nun rektoru, professor M.Babanlı bu əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açaraq, bp-nin dəstəyi ilə müasir texniki avadanlıqlarla təchiz olunan mətbəənin universitet üçün əhəmiyyətini qeyd edib.

 

ADNSU ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edən bp-nin vitse-prezidenti B.Aslanbəyli yenidən qurulan mətbəənin universitetin çap və nəşr ehtiyaclarını və tələblərini tam təmin edəcəyinə, həmçinin professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətini gücləndirəcəyinə ümidvar olduğunu deyib.

 

bp ilə əməkdaşlıq çərçivəsində 14 adda yeni poliqrafiya avadanlığının alındığını deyən mətbəənin direktoru A.Məmmədəlizadə müasir maddi-texniki bazası sayəsində mətbəənin işinin daha da səmərəli olacağını və yüksək səviyyədə nəşriyyat xidmətlərinin göstəriləcəyini deyib.

 

Qeyd edək ki, layihə yerli universitetlərə təhsilin və elmi tədqiqatların keyfiyyətini artırmaq, onların təhsil infrastrukturunu təkmilləşdirmək, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq etmək və qabaqcıl beynəlxalq təhsil təcrübəsini və imkanlarını Azərbaycana gətirmək səylərində bp-nin ümumi dəstəyinin bir hissəsidir.