Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 17:46:00
Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılışı olub

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib.

 

Rektor Elmar Qasımov Ali Məktəbin bu cür nüfuzlu elmi konfranslara ev sahibliyi etməsini mühüm hadisə kimi dəyərləndirib: “Azərbaycanın bütün istiqamətlərdə qazandığı uğurlara görə ulu öndər Heydər Əliyevə borcluyuq. Artıq 10-cu ildir Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən elmi konfranslar keçirilir. Üçüncü ildir konfranslar beynəlxalq səviyyədə təşkil edilir. Bu, bizim üçün çox qürurvericidir. Gənc alimlərin yetişdirilməsi və onlara dəstək olmaq bizim Ali Məktəbin önəmli missiyalarından biridir. Bu, həm də Azərbaycan elmi üçün böyük töhfədir. Ali Məktəbimizin məzunları bir vaxtlar bu elmi konfranslarda iştirak ediblər, hazırda isə burada müəllim kimi çalışır və artıq beynəlxalq səviyyədə elmi araşdırmalar aparırlar. Milli kadr milli qürur deməkdir”.

 

Konfrans iştirakçılarına və onların elmi rəhbərlərinə uğurlar arzulayan akademik Vaqif Abbasov BANM-ın nümunəvi ali təhsil müəssisəsi modeli olduğunu vurğulayaraq, alim yetişdirmək kimi müqəddəs missiyanı öhdəsinə götürməsini yüksək qiymətləndirib.

 

Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, BANM kimi ingilisdilli, yüksəksəviyyəli ali təhsil müəssisəsində elmi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. O, Ali Məktəbdə rəhbərlik səviyyəsində elmin inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayıb.

 

SOCAR-ın vitse-prezidentinin müavini Racu Vəliyev BANM tələbələrinin  yüksək səviyyədə, peşəkar mütəxəssis kimi məzun olduqlarını qeyd edib: “Çox sevindirici haldır ki, BANM-də təhsil alan gənclər onlar üçün burada yaradılan şəraitdən doğru və düzgün formada faydalana bilirlər. Bu Ali Məktəbin məzunları çox yüksək səviyyəli mütəxəssislərdir. Bu cür istedadlı gənclərin, peşəkar kadrların yetişdirilməsi ölkəmiz, dövlətimiz və SOCAR üçün uğurdur”.    

 

SOCAR-ın baş geoloqu Arzu Cavadova və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov gənc alimlərə tövsiyələrini verərək, onların inkişafı üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.  

 

Məlumat üçün bildirək ki, konfranslarda BANM-in 101 tələbəsi iştirak edir. 18-29 aprel tarixlərini əhatə edən konfranslar “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzularında keçirilir.

 

Konfranslarda BANM-ın tələbələri ilə yanaşı, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisad, Sumqayıt Dövlət, Azərbaycan Texniki,  Gəncə Dövlət, Bakı Mühəndislik, Lənkəran Dövlət, Mingəçevir Dövlət universitetləri, Türkiyənin Orta Doğu Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası  institutlarının gənc tədqiqatçıları məruzələrlə çıxış edirlər.