Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 12:03:00
Rektor məzunların rahatlıqla işlə təmin olunması üçün atılan addımlardan DANIŞDI

 

Ali təhsil müəssisələri məzunlarının işlə təmin olunması, həmçinin iş təcrübəsinin olmaması problemi hər zaman aktuallığını qoruyan məsələlərdəndir.

 

Hazırda da bu problemlə üzləşən çox sayda universitet məzunu var. UNEC rektoru, professor Ədalət Muradov da bu problemin mövcudluğuna diqqət çəkərək mövzu ilə bağlı vacib məqamları vurğulayıb.

 

AzEdu.az xəbər verir ki, rektor UNEC məzunlarının işlə təmin olunması istiqamətində görülən işlərdən danışıb:

 

“Şübhəsiz ki, məzunların işə qəbul edilməsi səlahiyyəti işəgötürənlərdədir. Eləcə də, işəgötürənlərin hər hansı bir məzunu işlə təmin etmək öhdəliyi də yoxdur.

 

Ona görə də, məzunlarımızın işə qəbul edilməsində işəgötürənlərin maraqlarının artırılmasına cəhd edirik:

 

- UNEC2B platforması yaradılıb və işəgötürənlərə təklif edilir. Bu platformaya əsasən, işə qəbul edilmiş məzunlarına UNEC 3 illik zəmanət verir. Belə ki, işə qəbul edilmiş məzununun iş prosesində zəif tərəfi aşkarlandığı halda işəgötürənin sifarişi əsasında öz vəsaiti hesabına UNEC həmin zəif tərəflərin aradan qaldırılması üçün xüsusi təlim təşkil edir. Eləcə də, müsahibə mərhələsində işəgötürən tərəfindən UNEC tələbəsinin zəif tərəfi aşkarlanarsa, həmin tələbə məzun olana qədər aşkarlanmış zəif tərəflərin öz vəsaiti hesabına UNEC tərəfindən aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.

 

- JOBUNEC platforması yaradılmış və işəgötürənlər UNEC tələbələri sırasından tələblərinə uyğun mütəxəssis axtarışını həmin platforma vasitəsilə həyata keçirə bilərlər. Hazırda bu platformanın işi yenidən qurulur.

 

- UNEC məzunlarına akademik transkriptlə yanaşı, onların bacarıqlarının səviyyəsini göstərən qeyri-akademik transkript veriləcək.

 

- Müvafiq bacarıqların formalaşdırılması üçün “Karyera planlaması”, “Yumşaq bacarıqlar”, “Sərt bacarıqlar” fənnlərinin tədrisinə başlanılmışdır.

 

- Yaradıcı düşüncəni, kreativliyi və innovativliyi təmin etmək məqsədilə Startup müəllifi olan tələbələr təcrübədən, və Web of Scıence və Scopusda məqaləsi çap olunmuş tələbələr Yekun Dövlət Attestasiyasından azad edilirlər.

 

- Tətbiq edilən təcrübə sistemində formallığa son qoyulur və təcrübənin tamamilə yeni prinsiplər əsasında həyata keçirilməsi işləri davam edir.

 

- Cari tədris ilindən etibarən xarici dilin tədris müddəti bir ildən iki ilə qədər artılmış və xarici dilin tədrisi dörd bacarıqlar əsasında həyata keçirilir və s.”