Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 11:44:00
İmtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər təlim keçirlər

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanılmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun hərəkət etməsi, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunur.

 

Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

 

Xatırladaq ki, təlimlərə imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunurlar. Martın 9-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılır. Respublikanın bütün şəhər və rayonlarında keçiriləcək təlimlərdə 7362 nəzarətçi-müəllimin də iştirak edəcəyi gözlənilir.