Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 09:36:00
Onlayn sınaq imtahanı üçün tapşırıqlarla bağlı müzakirə aparılıb

Dövlət İmtahan Mərkəzində ingilis dili, Azərbaycan dili və kimya fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
Bu barədə Mərkəzdən məlumat verilib. Bildirilib ki, ingilis dili və Azərbaycan dili fənləri üzrə işçi qruplarının iclasında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub.
Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının uyğunluğuna diqqət yetirilib.
Kimya fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ 2021-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. Bildirilmiş qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.
İşçi qruplarının növbəti iclasları yanvarın 17-18-də olacaq.