Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 10:17:00
Türkiyə Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları

Ali məktəblərə ixtisas seçimi davam etsə də xüsusi təyinatlı ali təhsil müəssisələrinə kursant qəbulu qaydaları bir qədər fərqlidir. Azərbaycanlı tələbələrə kursant olmaq şansı yaradan akademiyalardan  biri də Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasıdır.

AzEdu.az “Abituriyent 4” jurnalına istinadən Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018-2019-cu tədris ili üçün kursant qəbulu qaydalarını təqdim edir:

Təhsil dili türk dilidir. Müvafiq təhsil müəssisələrində ingilis dilinin tədrisinə böyük önəm verilir. Kursantlara 4  illik ali təhsildən öncə 1 il müddətində ingilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa I kursdan təhsilə başlayırlar.

Əyani formada  aparılan təhsilin müddəti ingilis dili hazırlığıyla birgə 5 ildir.

Jandarma və Sahil Təhlükəzlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması, yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Namizədlər DİM tərəfindən IV ixtisas qrupu üzrə test yoluyla keçirilən qəbul imtahanı verirlər. Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm olan, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 20 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilər.

Qəbul imtahanlarında 250-dən yuxarı bal toplamış 6 nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi  müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Azərbaycan Respublikasındakı Türkiyə Jandarma Təlim qrupu tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəicilər əldə etmiş  3 nəfər namizəd Jandarma və Sahil Təhlükəzlik Akademiyasında təhsil almağa göndərilir.

Akademiyanı müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunur və yaşayış yeri ilə təmin edilirlər. Həmin şəxslərin ən azı 10 il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.

I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Akademiyadan xaric ediıən kursantlar geri qaytarılırlar və qanunvericiklə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələrinin elan edildiyi gündən sonra bir həftə müddətində DİM-ə müraciət etməlidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları