Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 13:12:00
DİM imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayır  

Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən etibarən cari ildə keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayır.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, respublikanın bütün şəhər və rayonlarında keçiriləcək təlimlərdə 7 min 362 nəzarətçi-müəllimin iştirak edəcəyi gözlənilir. Təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunurlar.

Martın 9-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlərin keçirilməsi zamanı qarşıya aşağıdakı məqsədlər qoyulur:

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– abituriyent auditoriyasının – imtahan zalının idarə edilməsində professionallığın əldə olunması baxımından mühüm olan məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həlli yollarını izah etmək;

– nəzarətçi–abituriyent, nəzarətçi–imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq.

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanılmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun hərəkət etməsi, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə edilməsi qaydası izah olunur.

Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən videoçarx nümayiş etdirilir. Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 15 min 600 nəzarətçi müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.