Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 13:05:00
Təlimdə iştirak edən müəllimlər

Son illər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələr, layihələr təhsil işçiləri tərəfindən müsbət qarşılanır. Elə başa vurduğumuz ilin son aylarında icra edilən “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərdə uğurla yadda qaldı.


AzEdu.az xəbər verir ki, ötən ayın 22-dən start götürən təlimlərin böyük hissəsi yekunlaşıb, bir qismi isə hazırda davam edir. Təlimlərə ölkənin bütün rayon və şəhərlərindən 3000-dən çox təhsilverən qatılıb. Qeyd edək ki, təlimlərə ümumilikdə 4371  təhsilverənin cəlb edilməsi nəzərdə tutulmuşdur. Təlimləri uğurla bitirən təhsil işçilərinə sertifikatlar təqdim edilmişdir.

 

Təlim ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, hədəf dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının artırılmasına hədəflənmişdir. 


Məlumat üçün bildirək ki, təlimlər 36 akademik saat olmaqla beynəlxalq və yerli müstəvidə geniş təcrübəyə malik təlimçilər tərəfindən keçirilir. 


Təhsil Nazirliyinin  yaratdığı bu imkandan yararlanan müəllimlərimizdən bir neçəsi  bununla bağlı öz fikirlərini bizimlə bölüşüblər.

 

“Gənc  müəllimlərə stimul yaradılır”

 

Leyla Abdulxalıqova ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir. Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə çalışır.


Leyla Abdulxalıqova bir müəllim kimi iştirak etdiyi təlim barədə fikirlərini söyləyir: “Təlim Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. Az vaxt ayrılmasına baxmayaraq yenə də təlimçimiz Hüseyn müəllim bizə böyük həvəslə və əzmlə layihə işinin yazılması qaydalarını öyrətdi. Ümidvaram ki, layihə işinin yazılması, ardıcıl olaraq təhlili istiqamətində görülən işlər gələcəkdə müsbət bəhrəsini verəcəkdir”.


O, bir təhsil işçisi olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən  layihələrdən olduqca razıdır. Gənc və həvəsli müəllimlərin nəzərə alınmasını, bü yöndə stimul yaradılmasını təqdirəlayiq hesab edir.

 

“Bacarıqlarımı artırmaq üçün daim bir fürsət axtarırdım”

 

Şahmar Quliyev Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəridir. O, Şamaxı rayon Dəmirçi kənd S.Heydərov adına tam orta məktəbində riyaziyyat və informatika müəllimi kimi fəaliyyət göstərir. 2020-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsində iştirak edib, lakin qalib ola bilməmə səbəbini bizimlə bölüşür: “Bu sahədə lazımi bilik və bacarıqlarımın olmaması, o cümlədən təcrübəsizliyim həmin ildə müəllifi olduğum layihənin 49 bal toplayaraq uğur qazana bilməməsi ilə nəticələndi. Amma bu uğursuzluq məni heç də həvəsdən salmadı.  Bu sahədə bacarıqlarımı artırmaq üçün daim bir fürsət axtarırdım. 2021-ci ildə elan olunmuş V qrant müsabiqəsində fərqli mövzu üzrə iştirak etdim və müəllifi olduğum “Hər kəs üçün təhsil” layihəsi qrant qazandı. Rəhbəri olduğum bu layihənin icrasından irəli gələn bəzi çətinliklər bu sahədə bilik və bacarıqlarımın inkişaf etdirilməsinə hələ də ehtiyac olduğunu göstərdi. Bu təlimdə iştirak edərək qrant layihə haqqında ümumi biliklərimizi artırdıq, problemin qoyulması, səbəb-nəticə əlaqələri, məqsəd və vəzifələri, layihənin icra planı və davamiyyəti, monitorinqi və qiymətləndirməsi, layihə smetasının hazırlanması mərhələləri üzrə bacarıqlarımızı inkişaf etdirdik. Təlim boyu nəzəri materillarla tanış olduq, qrupdaxili fəaliyyətlərdə öyrəndiyimiz bacarıqları inkişaf etdirdik.”


Şahmar müəllim Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Layihə planlaşdırılması və layihə təklifinin hazırlanması” təlimini müəllimlər üçün çoxdan gözlənilən bir fürsət olduğunu, təlim çərçivəsində əldə etdikləri bilik və bacarıqlarının gələcəkdə keçiriləcək qrant müsabiqələrdə uğurlu iştirak üçün faydalı olacağını vurğuladı. Təlimlər və müsabiqələr təşkil etdiyi üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirdi.

 

“Gənc müəllimlər olaraq bizim də səsimizə səs verən oldu”

 

Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İmanova Turanə təlimlə bağlı fikirləri: “Bu təlim vasitəsilə layihənin necə təşkilini və hazırlanmasını, mövzu seçərkən nələrə diqqət edilməli olduğunu, necə məqsəd seçməyi, məqsədə uyğun vəzifələr müəyyən etməyi, vəzifələrə uyğun fəaliyyət planı hazırlamağı məhz bu təlim vasitəsilə öyrəndim. Layihə planlarının verilməsi və ümumiyyətlə, cəmiyyətə bu layihənin səmərəli olduğunu çatdırmaq ideyası layihənin yekunu olaraq məndə müsbət fikirlər formalaşdırdı. Bu haqda çox danışmaq olar. Amma nə yaxşı ki gənc müəllimlər olaraq bizim də səsimizə səs verən oldu. Təşəkkürlər Təhsil Nazirliyi!


Turanə müəllim məhz bu təlim vasitəsilə layihənin necə təşkilini və onun hansı məqsədlə həyata keçirəcəyini  anladığını vurğuladı.


Movzuya gəldikdə isə, Turanə İmanova bildirir ki,  nəsə seçmək, nəsə axtarmaq lazım deyil. İnsan gördüyü nə varsa dəyərləmdirməli və bu haqda öz beynində təhlil aparmalıdır. Ən əsas da dəstək olmalıdır. Təhsil Nazirliyinin bizlərə etdiyi dəstək kimi.

 

 “Layihə nədir? Necə hazırlanır? Bu təlimdə öyrəndim”

 

Ucar rayonu Natiq İsmayılov adına Pirkənd kənd tam orta məktəbində Riyaziyyat fənnini tədris edən Lətifli Sevanə təlim iştirakçılarımızdan biridir: “ Təlim o qədər gözəl keçdi ki, 6 gün  hardan gəldi-getdi hiss etmədim. Çox gözəl və öyrədici təlim oldu. Layihə nədir? Necə hazırlanır? bu təlim vasitəsilə öyrəndim. Təlimçinin sayəsində layihə yazmaq fikrim formalaşdı”.


Sevanə müəllim qeyd edir ki, belə təlimlər mütəmadi olaraq keçirilməlidir.

 

“Yeniliklər kəşf etdim”

 

Babatova Günay Xətai rayonu 269 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Təlimdə  bir çox yeniliklər kəşf etdiyini söyləyir: “Təlim çox gözəl təşkil edilmişdir.  Özüm üçün bir çox yeniliklər kəşf etdim. Təlim iştirakçıların  maraqlı müzakirələri təlimi daha da rəngarəng etdi”.


Günay müəllim deyir ki, təlimdə əldə etdiyi yeni biliklərlə layihə yazmağı planlaşdırır.

 

"Hədəflərim böyükdür"

 

Zamin Həziyev Cəbrayıl rayon Cocuq Mərcanlı tam orta məktəbin  direktorudur. O, 2017-ci ildə “Öyrədərək öyrənək” layihəsi ilə qrant müsabiqəsinin qalibi olmuşdur. Təlimdən sonra çoxlu planları, hədəfləri olduğunu deyir: “Sevindirici haldır ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə mən də iştirak etdim. Təhsildə hər zaman yeni ideyalar və təşəbbüslərə ehtiyac olduğunu nəzərə alaraq əldə etdiyim yeni biliklərlər əsasında növbəti layihələrimlə təhsildə faydalı cığır açmaq istəyirəm”.