Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 18:00:00
Kaliforniyalı qonaq LDU-da olub

Kaliforniyalı qonaq LDU-da olub.

 

AzEdu.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sakini, Monterey-Lənkəran Dostluq Assosasiyasının sədri  xanım Nensi Selfric Lənkərana səfəri çərçivəsində  bu gün Lənkəran Dövlət Universitetində olub.Onu  ADA Universitetinin professoru Şəfəq Mehrəliyeva müşaiyyət edib.

 

Hörmətli qonaqları LDU-nun rektoru, professor Natiq İbrahimov qarşılayıb. Universitet rəsmisi Azərbaycan xalqına qarşı dərin rəğbəti ilə seçilən və hər iki ölkənin xalqları arasında mehriban dostluq və  anlaşmanın möhkəmləndirilməsində xüsusi xidmətləri olan xanım  Nensi Selfriclə növbəti görüşdən məmnun qaldığını bildirib. Xanım Nensi Selfricə ötən dəfəki görüşdən sonra ölkədə baş verən mühüm hadisələrdən və universitetdə görülən yenidənqurma işlərindən söz açan professor Natiq İbrahimov Azərbaycan xalqının Vətən savaşında erməni işğalçıları üzərində qazandığı qələbədən, LDU-da tədrisin modernləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıb. Bu il ABŞ səfirliyinin dəstəyi ilə  LDU-da Amerika mədəniyyət guşəsinin yaradılması  barədə müqavilə imzalandığını və yaxın müddətdə guşənin istifadəyə veriləcəyini  amerikalı qonağın diqqətinə çatdırıb.

 

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını bildirən xanım Nensi Selfric rektorla söhbət zamanı  LDU ilə Monterey Yarımada Kolleci arasında tələbə-müəllim mübadiləsi məsələlərini  müzakirə edib. Kolleclə əməkdaşlıq müqaviləsinin imzalanmasını məqsədəuyğun hesab edən qonaq, yaz və qış semestrləri arasında olan tətil müddətlərində tələbələrin və müəllimlərin ödənişsiz təlimlərə cəlb olunmasını hər iki tərəf üçün səmərəli hesab edib.

Sonra xanım Nensi Selfric universitetin professor-müəllim-tələbə heyəti ilə görüşüb.Onlara Amerika təhsilinin mühüm istiqamətlərindən,Montereydəki Kollecin işindən söz açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq  ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri 2010-cu ildən Lənkəranla qardaşlaşıb və xanım Nensi Selfric   LDU-ya  ilk dəfə  2018-ci ilin oktyabrında səfər edib.