Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 11:00:00
Karabük Universitetinin rektoru ADNSU ilə tanış olub

Dekabrın 13-də Türkiyənin Karabük Universitetinin rektoru, professor Refik Polat və nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

 

AzEdu.az xəbər verir ki, universitetə səfər çərçivəsində Karabük universitetinin rektoru, professor R.Polat və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, laboratoriyaları gəzib, universitetin auditoriyaları, maddi-texniki bazası ilə tanış olublar.

 

Sonra nümayəndə heyəti ADNSU-nun Lazer Mərkəzi, Mineralogiya muzeyi, müasir laboratoriyaları gəzib, universitetdə yaradılan şəraitlə yaxından tanış olublar.

 

Universitetlə tanışlıqdan sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı nümayəndə heyəti ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-da tədris, müasir laboratoriyalar, eləcə də birgə layihələr və ikili proqramlar haqqında qonaqlara ətraflı məlumat verib.

 

Görüş zamanı rektorlar iki universitet arasındakı əməkdaşlıq əlaqələrini müzakirə edib, ikili proqramların tətbiqi, laboratoriyalardan birgə istifadə, müəyyən ixtisaslar üzrə tələbə mübadiləsi məsələlərini müzakirə edib və universitetlərin inkişafı üçün ikili proqramların əhəmiyyətindən danışıblar.