Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 10:44:00
“Ali riyaziyyat dərsliklərində düsturların isbatları anlaşıqlı olmur” – Pedaqoqdan dərsliklərlə bağlı İRADLAR

“Ümumiyyətlə, konkret bir mövzulu kitabı müxtəlif müəlliflər yazanda daha yaxşı olur. Birinin dili anlaşılmayanda, o birinə müraciət edilir. Məncə, bizdə bu mövzuda əskikliklər var. Kitab müxtəlifliyi azdır və bir-birinə bənzərlik çoxdur. Tələbə kitabxanaya girəndə istədiyi dərsə aid ən azı 15 müxtəlif kitabla qarşılaşa bilməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhman Məmmədov deyib. O, qeyd edib ki, amerikan professorları universitet tələbələrinin riyazi analiz dərsini başa düşmədiyini görüb, bundan çıxış yolu düşünüblər:

“Nəticədə, Calculus adlı kitabları yazaraq riyazi analiz dərsini hər bir tələbənin başa düşəcəyi səviyyəyə gətirdilər. Beləcə, bu kitablar vasitəsilə tələbələr, artıq müəllimlərin izahı olmadan da kitabı oxuyub başa düşürlər. Ümumiyyətlə, bütün kitablar bu şəkildə olmalıdır. Dərsliklər elə sadə dildə, amma elmiliyini itirmədən yazılmalıdır ki, tələbə kitabı oxuyanda özü sərbəst şəkildə anlaya bilsin. Kitabın mahiyyəti də elə budur.

Azərbaycanda bəzən elə kitablar görürəm ki…

Sanki müəllif kitabı yazarkən düşünüb ki, mən necə edim ki, heç kəs heş nə anlamasın?! Calculus kitablarının müxtəlifliyi çoxdur. Ümumiyyətlə, bir kitabı müxtəlif müəlliflər yazanda daha yaxşı olur. Birinin dili anlaşılmayanda, o birinə müraciət edilir. Məncə, bizdə bu mövzuda əskikliklər var. Kitab müxtəlifliyi azdır və bir-birinə bənzərlik çoxdur. Tələbə kitabxanaya girəndə istədiyi dərsə aid ən azı 15 müxtəlif kitabla qarşılaşmalıdır”.

Pedaqoq, həmçinin, dərsliklərdə konkret problemlərə də toxunub. Onun sözlərinə görə, ali riyaziyyat dərsliklərində mövzular çox qısa verilir. Ekspert əlavə edib ki, ümumiyyətlə, tələbə mövzunu qavramadıqdan sonra aşağı hissədə təqdim olunan, həlli olmayan çoxlu sualları necə həll etsin ki:

“Ali riyaziyyat dərsi universitetlərdə, əsasən riyaziyyatla bilavasitə əlaqəsi olan ixtisaslarda keçirilir. Riyaziyyat ixtisasında oxuyan tələbənin 5 ildə görəcəyi mövzular sıxışdırılaraq azaldılır və kitaba daxil edilir. Ali Riyaziyyat kitabında Analitik həndəsə, Diferensial tənliklər, Xətti Cəbr, Riyazi analiz və s. hər biri var.. Bütün bu mövzuların hər birindən bəhs edilir. Yəni qeyri-ixtisas kimi görünsə də, bu mövzuların hamısı tədris olunur. Kitabdakı problemlərə gəldikdə isə içindəki hər mövzu çox qısa verilir. Sadəcə tərif, az-az izahlar və 1-2 sual həlli ilə mövzu tamamlanır. Tələbə mövzunun aşağı hissəsində həlli olmayan çoxlu sualları mövzunu qavramadıqdan sonra necə həll etsin ki? Dərsliklərdə mövzuların riyaziyyata daxiletmə səbəbləri izah olunmalıdır: həyatda hansı sualla qarşılaşdıq ki, bu mövzunu riyaziyyata daxil etdik?

Ali riyaziyyat dərsliklərində düsturlar birbaşa verilir. Hardan gəldi, necə gəldi bilinmir... Çox sadələrinin isbatları verilir, lakin qeyd edim ki, bu isbatların da anlaşıqlılığı çox azdır. Əgər, hətta keçiriləcək dərs tələbələrin gələcəkdə qarşılaşacağı heç bir problemin həllində lazım olmayacaqsa, mövzular darlaşdırılmalıdır. Qısacası, hansı mövzu tədris olunacaqsa, A-dan Z-yə sadə şəkildə izahlar verilməlidir. Əks halda tələbələr bunu başa düşmür və əzbərləyərək imtahandan keçirlər. Nəticədə, ömürlərinin sonuna kimi riyaziyyat dəyəndə əlçatmaz bir şey təsəvvür edir və bu ixtisasa nifrət edirlər”.