Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 14:47:00
“İxtisas seçiminin düzgün aparılmaması qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına şərait yaradır” - EKSPERT

“İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir? Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, adını çəkməyə belə ehtiyatlandığımız bir dönəmdə orta  məktəblərdə təlim-tərbiyə  işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov AzEdu.az-a açıqlaması zamanı bildirib. Onun  sözlərinə görə,  o zamanlar müəllim  olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb  İnstitutu, mühəndisliyi seçənlər  “Politexnik”ə , aqronom, zootexnik  olmaq  fikrinə düşənlər də  Kənd  Təsərrüfatı İnstitutuna verərdilər:

“İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə universitetləri birbaşa funksiyalarından - konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və  ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa , hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz ”zorən” diplomçular ordusu yaranıb. Bioloqu tibb fakültəsinə, kitabxanaçılığı hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına şərait yaratmışıq.  Həmçinin ali məktəblərə daxil olanlarla bitirənlər arasında kəskin fərq yaranmasna seyirçi münasibət bəsləmişik”.

Ekspert deyib ki, hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və.s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq:

“Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə “2”qiymətə  bərabər tutulanları ali məktəb tələbəsi etmişik. Onu da deyim ki, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan “perspektivsiz” damğasını vurmuşuq. Kəskin sıçrayışlar edərək mövcud reallıqları nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasında qeyri tarazlıq yaratmışıq. Bununla da yüzlərlə plan yerləri vakant qalmış, çıxış yolunu bəzi ixtisaslara minimum balla qəbul aparmaqda görürük”.

N.İsrafilov vurğulayıb ki, stimullaşdırma anlayışını çoxdan unutmuşuq:

“Həmçinin  bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları “prestijli” və “prestijsiz” kateqoriyalarına bölərək, bir sıra peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət veririk. İxtisas seçimini abituriyentin istək və arzusuna deyil, onun topladığı “balın kəramətinə” tabe etdirmişik. Bu halda hansı ixtisas seçimindən söhbət gedə bilər...?”

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 13 avqust tarixinə qədər davam edəcək.