Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-17 11:24:00
Universitetlər kəskin hava şəraitinə görə tələbələrə güzəştə getməlidir?-TƏKLİF

 

 

 

Hazırda ölkə ərazisində kəskin hava şəraiti hökm sürür. Belə hallarda əsasən orta məktəblərdə şagirdlərin davamiyyət məsələsi diqqət mərkəzində olur.

 

Nəzərə alaq ki, Bakının ətraf rayon və qəsəbələrindən gündəlik olaraq  mərkəzdə yerləşən universitetlərə gələn tələbələrin sayı az deyil.

 

 Eyni zamanda belə havalarda tələbələrin dərsə davamiyyəti və zamanında çatması ilə bağlı müəyyən problem və çətinliklər meydana gəlir.

 

Bəs bu halda tələbələrin vəziyyəti, dərsə davamiyyəti necə nəzərə alına, yaxud bu istiqamətdə nə kimi tədbirlər görülə bilər?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil jurnalisti Məzahir Məmmədli həm şagirdlərin, həm də tələbələrin vəziyyətinə diqqət çəkib.

 

Belə havalarda şagirdlərin davamiyyət məsələsini dəyərləndirən jurnalist, bu istiqamətdə ciddi problemlərin yaşanmayacağı qənaətində olduğunu bildirib:

 

“Bildiyimiz kimi, bu, kifayət qədər ciddi bir məsələdir. Hələ sonrakı vaxtlarda daha kəskin hava şəraiti müşahidə oluna bilər. Bu orta ümumi təhsil məktəbləri və kolleclər, o cümlədən universitetlər üçün də müəyyən problemlər yarada bilər. Amma pandemiyadan bizə qalan yaxşı bir təcrübə var ki, bu da onlayn tədrisdir. Təhsil nazirinin məlum qərarı ilə bağlı artıq bir neçə ildir şagirdlərin məktəblərə qəbulu ərazi üzrə aparılır. Nəzərə alsaq ki, şagirdlərin demək olar hamısı məktəbin ətrafında məskunlaşıb, bu baxımdan o qədər də ciddi problem olmayacaq. Müəyyən vəziyyətlərə görə, məsələn, hərbçilərin ailələri, müəllimlərin övladlarını öz çalışdıqları məktəbə aparması kimi tək-tək istisnalar ola bilər. Ümumilikdə orta ümumi təhsil məktəbləri ilə bağlı inanmıram ki, hər hansısa bir problem yaransın. Bu istiqamətdə sadəcə istilik sistemi ilə bağlı müəyyən problem yarana bilər”.

 

Mövzu ilə bağlı tələbələrin vəziyyəti və yaşadıqları çətinliklərə diqqət çəkən jurnalist, məsələnin həlli üçün öz təklifini irəli sürüb:

 

“Belə vəziyyətlərdə ətraf ərazilərdən Bakının mərkəzinə kolleclərə, universitetlərə gələn tələbələr üçün isə problem yarana bilər. Nəzərə alaq ki, Bakıdan Sumqayıta, Sumqayıtdan Bakıya, eyni zamanda digər ətraf qəsəbələrdən Bakının  mərkəz hissələrində yerləşən universitetlərə gələn tələbələr var. Hava şəraiti ilə əlaqədər nəqiliyyat vasitələrinin sürətinin azaldılması, bu gün Sumqayıt-Bakı qatar yolunda yaşanan problem kimi halları nəzərə alaraq hesab edirəm ki, pandemiyanın verdiyi təcrübədən istifadə etməklə hava şəraitinin əlverişli olmadığı günlərdə dərslərin tədrisi onlayn aparıla bilər. Bu mövzuda təcrübəmiz olduğu üçün hesab edirəm ki, ən uyğun variant bu ola bilər. Pandemiyadan müdafiə məqsədi ilə həm ali təhsil müəssisələrində, həm də kolleclərdə proqram elə tərtib olunur ki, sıxlıq yaranmaması üçün davamlılıq təmin olunmasın. Məsələn, həftənin 3 günü müharizə, 2 günü seminar keçirilməsi kimi. Bu təcrübə artıq universitetlərin sistemində mövcuddur. Yəni bu yoldan istifadə edərək kəskin hava şəraiti olduğu zamanlarda tədrisi onlayn davam etdirmək mümkündür”.