Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-08 12:24:00
Müəllimlərin azad olunan torpaqlarımızda işləmək arzusu - Şuşada, Xudafərində, Laçının ucqar kəndində... -SORĞU  

 

Maraqlıdır, gənc müəllimlər, azad olunan  hansı bölgəmizdə fəaliyyət göstərmək istəyir?

 

Hazırda çalışdıqları məktəbdən könüllü imtina edərək, Qarabağ ucqar dağ kəndində çalışmaq istərlərmi?

 

AzEdu.az müxtəlif bölgələrdə çalışan müəllimlərin fikirlərini təqdim edir:

 

Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin direktoru Şəbnəm Cəbrayıl:

 

“Mən doğulduğum və böyüdüyüm, uşaqlığımın yarımçıq qaldığı yerdə-Laçın şəhərində fəaliyyətimə davam edəcəyəm, doğma torpaqda şagirdlərimizlə birlikdə yenidən  uşaqlıq illərinə qayıdacağam.

Bu şərəfli tarixə şahid olduğum üçün qürur duyuram! Özümü çox şanslı hiss edirəm. Atamın, nənəmin əksər Laçın ziyalısının formalaşmasında əməyi var. Müqəddəs müəllimlik missiyamı Ağcabədidə icra edirəm, inşallah Laçında davam edəcəyəm”.

 

Oğuz şəhəri 3 nömrəli məktəb liseyin tarix müəllimi Mətanət Kərimova:

 

“Qarabağda təhsil infrastrukturu bərpa edildikdən sonra həmin bölgələrdə, xüsusilə Qubadlıda müəllim işləmək istəyirəm. Atam keçmiş Qarabağ qazisidir. Qubadlı, Zəngilan, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Uşaq yaşlarımdan mənə o yerlərin gözəlliyindən və tarixindən danışıb. Bu səbəbdən məndə tarixə maraq yarandı və tarix müəllimi oldum. Arzu edirəm ki, Qubadlı məktəbində çalışım və şagirdlərimi də oranın gəzməli-görməli yerlərinə aparım. Qubadlı ərazisində yerləşməsə də, şagirdlərimlə ilk olaraq Azıx mağarasına səyahət etmək istəyirik”.

 

 

Cəlilabad  rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov:

 

“O bölgələri kadrlarda görmək yuxu kimi gəlir bizə. Mən hər dəfə işğal altında olan torpaqlarımızın azad olunduğunu görəndə- o torpaqlardakı çəklişlərə baxanda kövrəlirəm. Çox istərdim orada olub, şagirdlərimi ekskursiyalara aparım. Bundan gözəl nə ola bilər Qarabağın istənilən bölgəsində işləməyə hazıram. Amma nədənsə Şuşa bizim ən kövrək yerimizdir. Seçim imkanım olsa, Şuşanı seçərdim. Orda gənc müəllimlərlə gözəl layihələr həyata keçirmək olar. Tarixi şəxsiyyətlərimizin ayaq basdığı torpaqlarda fəaliyyət göstərmək yəqin ki, bütün həmkarlarımın arzusudur.”

 

 

Şəmkir rayon, Düyərli kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə:

 

 “Qarabağda müəllim işləmək ən böyük arzularımdan biridir. Qarabağ və ətraf bütün rayonlar mənə doğmadır.Ancaq Şuşa bir başqa əziz, doğma gəlir. Özümü Şuşalı kimi hiss edirəm və orada işləməyi çox istəyərdim”.

 

Cəlilabad rayon Hacıcavad kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Elgün Şahbazov:

 

“Ölkəmizin bütün bölgələri bizim üçün doğmadır, müqəddəsdir! Həmçinin, işğal altında olan və hal-hazırda işğaldan azad edilməsi uğrunda döyüşlər gedən Qarabağımız ! O torpaqlar ki, orada uzun zamandır Azərbaycan himni səslənmir,  bayrağı dalğalanmır və dili öyrədilmir! Mən bir müəllim kimi böyük fəxrlə, sevgiylə, qürurla Qarabağda öz fəaliyyətimi davam etdirərəm. Çünki şagirdlərimə , artıq , o torpaqların işğal altında olduğunu deməyəcəyəm! O torpaqda şagirdlərimlə himnimizi səsləndirəcəyəm! Ən əsası, şagirdlərimə işğaldan azad edilən torpaqlarımız və o torpaqlar uğrunda döyüşən, yaralanan, şəhid olan hərbçilərimiz, əsgərlərimiz haqqında böyük sevinc hissi ilə danışacağam”!

Laçın rayonu H.Y.Həsənov adına Mişni kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Gülnar İsmayılova:

"Qarabağ dədə-baba torpağımız,yurd yerimizdir.Mən Laçını heç vaxt görməmişəm. Əslimiz, nəslimiz, ailəm Laçından məcburi köçkün düşüb. İşləmək, müəllim kimi fəaliyyət göstərmək məsələsinə gəldikdə isə təkcə Laçında deyil , işğaldan azad olunan bütün ərazilərimizdə qürur və fəxr hissi ilə vətənə xidmət etməyə hər zaman hazıram.Vətənimin hər bir yeri mənim üçün əzizdir,doğmadır. Ölkəmizlə, bayrağımızla, şəhidlərimizlə, Ali Baş Komandanımızla, hər bir qarış torpağımiz ilə qürur duyuram! Tezliklə Qarabağda görüşək!

 

Ucar rayonunun Təzə Şilyan kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aynur İbrahimova:

 

“Qarabağın tamamilə işğaldan azad edilməsinə çox az qalıb. Dərs dediyimiz şagirdlərimiz qəhrəmanlıqla düşmən tapdağı altında olan rayonlarımızı, kəndlərimi azad edirlər. O rayonların heç birində olmamışam. Ancaq ürəyim həmişə Qarabağla döyünüb. Keçdiyim dərslərdə də bu mövzulara geniş yer ayırmışam. Hər zaman Şuşanı görmək arzusunda olmuşam. Valideynlərim Şuşa xatirələrini bölüşəndə həsədlə dinləmişəm. Elə bilirəm, nə zamansa Şuşada olmuşam. Bilmirəm niyə, sanki orda çox olmuşam, mənə çox doğma gəlir. Böyük məmnuniyyətlə Şuşada müəllim kimi fəaliyyət göstərmək istəyərdim..Dərslərimi Şuşanın əsrarəngiz təbiətində-açıq səma altında qurardım..İgidlərimiz Şanlı Tarix yazır. Çox xoşbəxtəm ki, bu tarixə şahidlik edirəm, yaşayıram”.

 

 

Şirvan şəhər 3 saylı tam orta məktəbin Fizika müəllimi Vasif Zeynalov :

 

 

“Vətənin hər qarışı əzizdir. Şuşa isə mənim üçün xüsusi bir əhəmiyyət kəsb edir, onun tarixi, təbiəti hər zaman diqqətimi cəlb edib. Orada fəaliyyət göstərməyi çox arzulayıram”.

 

 

İsmayıllı rayon İstisu kənd məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı:

 

“Vətənin istənilən qarışı əzizdir. Bu səbəbdən Bakı şəhərindən İsmayıllı rayonunun ucqar kəndinə gedərək müəllim kimi fəaliyyət göstərirəm. İşğaldan azad edildikdən sonra Ermənistanla sərhəddə yerləşən Laçın kimi strateji əhəmiyyətə malik bölgədə fəaliyyət göstərmək istərdim. Belə ki, həmin ərazilər ermənilər tərəfindən provakisiyaya çəkilərək atəşə məruz qala bilər. Mən isə öz ixtisasımda azsaylı kişi müəllimlərdən olduğum üçün sərhəd bölgəsində olmaq istərdim. Həmçinin tarixi Azərbaycan torpaqlarının birləşdirici simvolu Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunda məktəb müəllimi olmaq qürurverici olardı. Digər bir arzum isə Azərbaycan üçün tarixi əhəmiyyətə malik Şuşa şəhərində fəaliyyət göstərməkdir. Dərs otağının pəncərəsindən baxdığınız zaman gözoxşayan Xarıbülbül çiçəyinə tamaşa etmək necə də hüzurverici olardı”!

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları