Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-06 13:09:00
UNEC-də Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib

UNEC-in bütün fakültələrində Vətən müharibəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib, eləcə də ilk dərslər Zəfər Gününə həsr olunub.

 

AzEdu.az xəbər verir ki, dərslər Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Maliyyə və mühasibat fakültəsinin tələbələrinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğal altında olan 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində azad edilməsindən bəhs olunub.

 

Ümumi fənlərin tədrisinin təşkili departamentinin keçiridiyi tədbirdə departamentin direktoru dosent Gülnarə Rzayeva, Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova, kafedranın dosenti Sevinc Ələkbərzadə, baş müəllim Aysel Xəlilova Zəfər Günü ilə bağlı məruzə ilə çıxış ediblər. Zəfər Gününün Türk dünyasındakı tarixindəki əhəmiyyətindən danışıblar.

 

İqtisadiyyat fakültəsində keçirilən dərslərdə Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub, fakültənin Vətən müharibəsində şəhid olan məzunlarının yazdıqları qəhrəmanlıq salnaməsindən bəhs olunub.

 

SABAH qrupları, Magistratura Mərkəzində tələbələrə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 8 noyabrın şanlı tariximizə Zəfər Günü kimi daxil olduğu barədə danışılıb.

 

UNEC-in Zaqatala filialında təşkil olunan tədbirdə filialın direktoru professor Orucəli Rzayev çıxış edərək, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə müəllim və tələbə heyətini təbrik edib. Filialın şəhid məzunlarının valideynlərinin qarşısında baş əydiyini deyən O.Rzayev, şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını qeyd edib.

 

Tədbirdə İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dosent Səfər Razıyev, kafedranın müəllimi Qüdrət Qırtımov çıxışlarında Vətən müharibəsinin işğal altında olan ərazilərimizin qaytarılması ilə nəticələndiyini, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər.

 

Tədbir UNEC-in Zaqatala filialının tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.