Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 17:44:00
BMU-da Zəfər Günü - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və BMU Asan Klubun təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş “30 ilin 44 günü” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

 

Zəfər Gününə aid “Keçmişdən bu günə” adlı videoçarx nümayiş etdirildikdən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. 

 

Havar Məmmədov 1990-cı illərin əvvəllərində ölkənin düşdüyü açınacaqlı durumdan, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, xüsusən ordu quruculuğu ilə bağlı həyata keçirilən işlərdən danışıb. Gənclərə tövsiyələrini verən rektor vurğulayıb ki, Vətən müharibəsi müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış, bilikli gənc nəslin yetişdiyini birmənalı şəkildə sübuta yetirdi. 44 günlük qələbəmizin Azərbaycanın daha da güclü olmasını istəməyən dairələrdə qısqanclıq doğurduğunu qeyd edən Havar Məmmədov gənc nəsillə işin yeni dövrün tələblərinə uyğun daha da gücləndirilməsinin zəruriliyini ifadə edib.

 

Rektor çıxışında Azərbaycan xalqı və dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildirib. Ölkəmizin ərazi bütövlüyü uğrunda müharibədə misilsiz qəhrəmanlıq nümunələri yaratmış əsgər və zabitlərimizə yüksək diqqətin, qayğının mövcud olduğunu deyən Havar Məmmədov şəhidlərimizin və qazilərimizin sosial müdafiəsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən general-leytenant Yaşar Aydəmirov ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatları nəzərə çatdırıb. Sonrakı mərhələdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işləri uğurla davam etdirdiyini, müasir Silahlı Qüvvələrimizin dünyanın 50  qüdrətli  orduları sırasında qərarlaşdığını vurğulayan general 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan, Azərbaycan əsgərinin qəhrəmanlıqlarından danışıb.

 

Sonra söz tədbirdə iştirak edən şəhid ailələrinin övladlarına verilib. Baş gizir, şəhid Mehman Yusifovun övladları Məhəmməd və Süleyman Yusifov, Fatimə Yusifova, baş gizir, şəhid Mehrab Niftəliyevin övladları Kamran və Sənan Niftəliyev, Ləman Niftəliyeva, gizir, şəhid Naiq Ələkbərovun övladları Ömər Ələkbərli və Zəminə Ələkbərli və qazi polkovnik-leytenant Vüqar Əhmədovun övladı Aylin Əhmədli çıxış edib, müxtəlif şeirlər səsləndiriblər. 

 

Şəhid övladlarına xüsusi xatirə hədiyyələri təqdim olunub.

 

Daha sonra Vətən müharibəsi qaziləri çavuş Vüqar Məmmədov, əsgər Elnur Əsgərov, baş leytenant Tariyel Şıxbalayev, xüsusi təyinatlıların səgəri Şirxan Hümbətov, kiçik çavuş Mönsüm İsgəndərov, kiçik çavuş Aşır Gülgəzov keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər.

 

General Yaşar Aydəmirova və tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə BMU-nun təşəkkürnamələri təqdim edilib.

 

Asan Klubun sədri, BMU-nun tələbəsi Fərid Ələkbərovun çıxışından sonra tədbir bədii hissə ilə sona yetib.