Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 10:55:00
Bakı Ali Neft Məktəbi ilə Boğaziçi Universiteti arasında əməkdaşlıq genişləndirilir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Boğaziçi Universitetinin rektoru professor Naci İnci, prorektor, professor Gürkan Kumbaroğlu və baş katibin müavini dosent Nedim Malkoç ilə görüşüb.

 

AzEdu.az xəbər verir  ki, görüşdə E.Qasımov rəhbərlik etdiyi ali məktəbin uğurlarından bəhs edib. Rektor bildirib ki, bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. E.Qasımov BANM tələbələrinin yerli və xarici şirkətlərdə yüksək səviyyədə istehsalat təcrübəsi keçdiklərini vurğulayıb.

 

Görüşdə ali məktəblər arasında ikili diplom proqramının həyata keçirilməsi geniş müzakirə olunub.

 

Boğaziçi Universitetinin rektoru professor Naci İnci Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.

 

Sonra Bakı Ali Neft Məktəbi ilə Türkiyənin Boğaziçi Universiteti arasında anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq sənədini E.Qasımov və N.İnci imzalayıblar.

 

Anlaşma memorandumunun məqsədi iki müəssisənin professor-müəllim heyəti və tələbələri arasında təhsil yönümlü, professional və mədəni fəaliyyətləri dəstəkləyərək beynəlmiləllik anlayışına, təqaüd üzrə əməkdaşlığa önəm verməkdir. Memorandum hər iki universitet tərəfindən zəruri və uyğun görülən proqramları həyata keçirmək üçün universitetlərarası münasibətin gücləndirilməsi və inkişafına töhfə verməyi özündə əks etdirir.

 

Sənəddə professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.