Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-31 14:34:00
İnformatikanın I qrupa əlavəsi nələri dəyişəcək? - Repetitorluq necə sönəcək?

 

 

“Məktəbdə tədris olunan fənni repetitor olmadan da öyrənmək mümkündür”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İnformatika müəllimi, “İlin gənc müəllimi” müsabiqəsinin qalibi  Elvin Səlimov deyib.

 

Belə ki, Dövlət İmtahan Mərkəzinin qərarına əsasən, növbəti illərdən İnformatika qəbul proqramına salınacaq. İnformatika əsaslı ixtisasları seçmək istəyən abituriyentlər həmin fəndən imtahan verəcəklər.

 

Elvin Səlimov verilən qərarla bağlı fikirlərini bu cür əsaslandırır:

 

“İnformatika fənninin qəbul proqramına salınması gözlənilən qərar idi. Həmçinin, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasının III qrupa əlavə edilməsi coğrafiyanın da bu qrupa keçməsinə zəmin yaratdı. Lakin informatika ilə bağlı qərar çoxdan gözlənilirdi. I qrupun informatika meyilli ixtisaslarına bu fənnin salınması vacib idi. Lakin onun qəbul proqramına əlavə edilməsi təklif kimi qalmışdı və proses tez şəkildə baş vermirdi. Coğrafiya fənnini gələn ildən qəbul imtahanlarına daxil edilməsi rəsmişəldi. Amma informatika gələn yox, növbəti illərdən ali məktəblərə qəbulda istifadə edilməsi nəzərdə tutulur. Lakin bunu ləngitmək olmaz. Çünki biz informasiya texnologiyaları əsrində yaşayırıq. Pandemiya zəruriətindən distant təhsilə keçdik. Bu şəraitdə şagird, valideyn və müəllimlər texnoloji bacarıqlar baxımından çox əziyyət çəkdi. Onlar adi TEAMS proqramına daxil olarkən belə problemlə üzləşirdilər. Buna da əsas səbəb informatika fənninə qeyr-adekvant yanaşılma ilə bağlıdır”.

 

Müəllim repetitorluq fəaliyyəti ilə bağlı məsələyə münasibətini bildirib:

 

“Coğrafiya üzrə repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər çoxdur. Bu qərarın qəbul edilməsi onlar üçün müsbət inkişafa yol açacaq. Həmin müəllimlərin repetitor fəaliyyəti genişlənəcək. İnformatika müəlləri üçün isə yeni başlanğıc olacaq və onlar da repetitor fəaliyyəti ilə məşğul ola biləcəklər.

 

Düşünürəm ki, məktəbdə tədris olunan fənni repetitor olmadan da öyrənmək mümkündür. Materialları mənimsəmək və internet üzərindən məlumatlar əldə etməklə bunu həyata keçirmək olar. Repetitor yanına getmək mütləq deyil. Sadəcə müasir dövrdə bu sahə çox məşhur olduğu üçün  hamı onlara üz tutur. Atalar yaxşı deyib ki, “könlü balıq istəyənin quyruğu suda olar”. Əgər abituriyentin istəyi olsa,  internetdən də araşdıraraq öyrənmək imkanı əldə edə bilər. Bu vasitələrin heç birindən istifadə etmədən repetitor yanına getmək  əlavə  xərcdir. Amma verilən qərarlar bu fəaliyyət növünə müsbət təsir edəcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları