Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-11 10:37:00
"Müəllim şagirdin gözlərindən bilir ki, dərsi anladı, yoxsa yox"-Əməkdar müəllim

"Əməkdar müəllim adı almağımı eşidəndə çox sevindim. Ailəm, həmkarlarım, şagirdlərim məni təbrik etdi".

Bu sözləri Redaktor.az-a bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülən Goranboy şəhər 2 saylı orta məktəbin biologiya müəllimi Kəmalə Əli qızı Abbasova bildirib.

K.Abbasova deyir ki, dövlət onun zəhmətini həmişə qiymətləndirib: “Əməkdar müəllim adı müəllimin əməyinə verilən ən yüksək qiymətdir. Mən daha əvvəl qabaqcıl təhsil işçisi adını almışam. Dəfələrlə ilin müəllimi adını qazanmışam, həmçinin, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənim indiyə qədər çəkdiyim zəhməti həm şagirdlərim, həm dövlətimiz layiqincə qiymətləndirib. Əlbəttə ki, Əməkdar müəllim adını almağım məni daha da sevindirdi. Ailəm, həmkarlarım, şagirdlərim bu sevincimə şərik oldu. Mənim üçün ən böyük uğur şagirdlərimin uğurlarıdır. Şagirdlərim illər sonra həkim kimi mənimlə görüşə gəlir. Bir müəllim bundan böyük başqa nə istəyə bilər ki?”

İllərdir bezmədən, usanmadan şagirdləri üçün zəhmət çəkən Əməkdar müəllim deyir ki, yaxşı oxuyan şagird həmişə olub, var və olacaq da:

“Mən "indiki gənclər dəs oxumur" fikri ilə razı deyiləm. Son illərdə 600-dən çox bal toplayan xeyli şagirdim olub. Bu il sinif rəhbəri olduğum bacı- qardaş 600 dən çox bal yığdı. Təhsil üçün Türkiyəyə, Fransaya, Almaniyaya və digər ölkələrə gedən şagirdlərim də kifayət qədərdir. Həmişə demişəm ki, tələbə olmağın, uğur qazanmağın yalnız bir yolu var – oxumaq”.

40 ilə yaxındır müəllim işləyən K.Abbasovanın sözlərinə görə, Goranboyda uşaqların təhsilə marağı həmişə yüksək olub. O, xüsusilə qızların təhsilə marağından söz açıb: “Mən özüm biologiya müəlliməsiyəm. Mənim üçün əsas nailiyyət şagirdlərimin Tibb Universitetinə qəbul olmasıdır. İndiyə qədər 100-dən çox şagirdim həkim olub. Onların 30-u oğlandırsa, 70-i qız olub. Bizdə qızların təhsilə böyük marağı var. Hamı kimi biz də pandemiya və müharibə dövründə ciddi çətinliklər yaşadıq. Biz cəbhə xəttinə yaxın ərazidə yaşayırıq. Müharibə dövründə atışma olan vaxtlarda belə biz öz dərslərimizi keçirdik. Bu çətinliklər uşaqlara istər-istəməz təsir edirdi. Şükür ki, hər şey qaydasına düşdü. Təbii ki, əyani tədrisi heç nə əvəz edə bilməz. Əyani tədris zamanı uşaqlar dərsi daha yaxşı mənimsəyir. Müəllimlər də uşaqların gözlərindən anlayır ki, uşaq dərsi anladı, yoxsa yox. Kompüter qarşısında bu, bir az çətindir”.