Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-10 17:55:00
ÜST uzunmüddətli COVID-19-un anlayışını verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) postkovid vəziyyətin rəsmi klinik tərifini açıqlayıb.  BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər veririk ki, koronavirus keçirmiş insanların təxminən 10-20 faizi bu sindromdan əziyyət çəkir.

 

Cenevrədə keçirdiyi brifinqdə ÜST nümayəndəsi Canet Diaz, uzunmüddətli COVID-19 adlanan xəstəliyin, adətən, koronavirusa yoluxmadan təxminən üç ay sonra özünü büruzə verdiyini, simptomlarının ən azı iki ay davam etdiyini izah edib. Söhbət başqa bir diaqnozla izah edilə bilməyən hallardan gedir.

 

Bu vəziyyətlə əlaqədar tibb işçiləri arasında hələ ki, bir aydınlıq yox idi, bu da araşdırmaların irəliləməsini və müalicəni çətinləşdirirdi. ÜST uzunmüddətli COVID-19-un qlobal şəkildə standartlaşdırılmış klinik tərifinə riayət edilməsinin səbəblərini ətraflı izah edən sənəd dərc edib.

 

Postkovid sindromunun əsas simptomları – həddindən artıq yorğunluq, nəfəs darlığı, habelə koqnitiv disfunksiya əlamətlərinin ortaya çıxması və insanın gündəlik həyatına təsir edən bir sıra digər təzahürlərdir. Onlar xəstəlikdən üç ay sonra özlərini göstərə bilərlər. Bəzi xəstələrdə təzahürlərin kəskin mərhələləri vəziyyətin müvəqqəti yaxşılaşması ilə bir neçə dəfə bir birini əvəzləyə bilər.

 

ÜST mütəxəssisləri, postkovid sindromundan əziyyət çəkən xəstələrin əksəriyyətinin tam sağaldığını, bəzilərinin isə "ağciyər, ürək-damar və sinir sistemləri də daxil olmaqla bir neçə bədən sisteminə təsiri ilə əlaqədar uzunmüddətli nəticələr"dən əziyyət çəkdiyini qeyd edirlər. Bu təsirlər infeksiyanın ilkin ağırlığından asılı olmayaraq özünü büruzə verə bilər; onlar orta yaşlı qadınlarda və əvvəllər də sağlamlıqla bağlı problemləri olanlarda daha çox rast gəlinir.

 

ÜST nümayəndəsi, yeni tərifin tibb işçilərinə postkovid sindromlu xəstələri müəyyən etmək və onlara müvafiq müalicə təyin etməkdə kömək olacağına ümid bəslədiyini deyib.

 

Uzunmüddətli kovid vəziyyətinin testləşməsi mexanizmləri mövcud deyil. Bundan əlavə, koronavirus keçirmiş bəzi insanlarda bu vəziyyətə nəyin səbəb olduğu tam olaraq hələ də aydın deyil.

 

"Bu, virusun dayanıqlılığı, mikrotrombozun mövcud olması və ya damar sistemi ilə bağlı hər hansı bir problem ola bilər", - deyə doktor Diaz, bu sahədə araşdırmaları davam etdirən alimlərin bəzi nəticələrinə istinad edərək, qeyd edib, - "autoimmunitet və ya işləməyən immun sistemi ilə əlaqədar problemlər də buna təsir edə bilər, bu da simptomlardan bəzilərinə gətirib çıxarır".