Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 15:30:00
Məktəbdən valideynə daha həssas davranış çağırışı – Uşaqlara psixoloji zərər görməməlidir

 

 296 nömrəli məktəbə qarşı sosial şəbəkədəki valideyn ittihamının izi ilə məktəb və BŞTİ ilə əlaqə saxladıq.

 

Məsələyə aydınlıq gətirildi, əsl həqiqətin necə olduğu haqqında açıqlama verildi.

 

Bakı şəhəri 296 nömrəli tam orta məktəbdən AzEdu.az-a verilən məlumatda qeyd olunur ki, I sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) valideyni “Facebook” sosial şəbəkəsində məktəbin müəllimi və xadiməçisinin övladının qolunu burduğunu iddia edib.

 

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, şagirdə heç bir təzyiq göstərilməyib.

 

Sadəcə,  valideyn məsələni yanlış şəkildə sosial şəbəkə vasitəsilə ictimailəşdirib, məktəbi və təhsili idarəetmə qurumlarını əsassız ittiham edib.

 

Əslində 6 oktyabr 2021-ci il tarixində valideyn məktəbə zorla daxil olub, intizam qaydalarını kobud şəkildə  pozub, səs-küy yaradıb. Bununla üçüncü dəfədir həmin valideyn məktəbə gəlir, işçiləri hədələyir, təhqir edir.

 

Valideynə izah olunub ki, indiki pandemiya şəraitində vaksin olunmamış şəxsin məktəbə daxil olması şagirdlərin və pedaqoji heyətin sağlamlığı üçün risk yarada bilər. Məktəb rəhbərliyi tərəfindən valideynlə müvafiq söhbət aparılsa da, müsbət nəticə əldə olunmayıb. Valideyn müəllimlərə qarşı kobud, nalayiq, təhqiramiz ifadələr işlətməkdə davam edir.

 

Valideynin bu hərəkətləri ilə bağlı həyat yoldaşına da məlumat verilib, təhdidlərlə tez-tez məktəbə gəldiyi bildirilib. Məsələ ilə bağlı məktəbdə akt da tərtib olunub.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən isə, hazırda məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

 

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. Odur ki, valideynlər də məktəbə və müəllimə münasibətdə həssas olmalı, təhsil müəssisəsinin idarəetmə qaydalarına zidd davranışdan çəkinməlidirlər.