Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 13:01:00
ADNSU müəllimləri “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti mərhələsində iştirak edəcəklər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və universitetlər tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatıb.

 

AzEdu.az xəbər verir ki, layihənin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə münsiflər heyəti tərəfindən anlaşma memorandumu imzalanıb və layihəyə qoşulmuş ADNSU da daxil olmaqla 4 universitetdən 50 müəllim ilə mərhələli şəkildə müsahibə keçirilib. Müsahibələrin nəticələrinə əsasən hər universitet üzrə kriteriyalara uyğun 5 müəllim olmaqla, ümumilikdə 20 müəllim növbəti mərhələdə iştirak hüququ qazanıb. ADNSU-nun müəllimləri Elviz İsmayılov, Aysel Sadıqova, Fuad İbrahimov, Əsmət Əhmədova və Fuad Ağayev növbəti mərhələyə keçib.

 

Qeyd edək ki, bu aydan etibarən 1 ay davam edəcək “Mentorluq üzrə ixtisaslaşma proqramı” ərzində sahəvi mütəxəssislər tərəfindən startap və inkubasiya prosesləri, mentorluq fəaliyyəti və onların yol xəritələri, layihə proseslərinin idarəolunması və s. mövzularda fiziki təlimlər keçiriləcək və layihə iştirakçılarının mentor kimi ixtisaslaşması təmin ediləcək.

 

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.