Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 09:58:00
Müharibədə əlil olan qazi gənclərin məşğulluq problemi

Onların ixtisasını dəyişə bilməsi üçün peşə kurslarının açılması təklif olunur

 

“Minaatan mərmiləri yaxınlığımızda partlayırdı. Birinci, ikincisi, üçüncüsü... Əvvəlcə qolumdan yaralandım. Zirzəmiyə doğru qaçırdım, amma çatdırmadım. Düşmənin atdığı dördüncü minaatan mərmisi düz yanıma düşdü. Partlayışın dalğası məni havaya qaldırdı, elə göydə ayaqlarımı kəsib atdı. Bədənimin ikiyə bölündüyünü, ayaqlarımın göydə fırlanmasını gözlərimlə gördüm...”

 

Bu sözlərin müəllifi İkinci Qarabağ müharibəsinin mərd və cəsarətli iştirakçısı, qazi Camal Alxasovdur. 20 yaşlı Camal əvvəlcə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Deyir ki, hadisə baş verən gün - oktyabrın 31-nə qədər dəfələrlə ölümdən qurtulub. Həmin gün iki döyüş yoldaşı ilə birlikdə Qubadlıda 10 tonluq su maşınının arxasınca gediblər. Bu vaxt düşmənin atdığı minaatan mərmilər maşının yaxınlığına düşüb. Qəlpələrdən biri Camalın gözünün küncünə dəyib, qalan qəlpələr isə qollarını müxtəlif yerlərdən yandırıb. Zərbədən sonra Camalgil zirzəmiyə doğru qaçıblar. Lakin zirzəmiyə girməyə 10 metr qalmış növbəti  minaatan mərmisi lap yaxınlığına düşüb. Partlayışın dalğası Camalı havaya qaldırıb göydə ayaqlarını kəsib. Sol ayağını dizdən 4 barmaq yuxarı, çarpaz kəsilib, sağ ayağı isə topuqdan kəsilib. Qəlpələr bu ayağında sümüyü dağıdıb, baldırını təmiz parçalayıb. Qolu üstə yerə çırpıldığından, sağ qolu da sınıb. Bir müddət sonra əsgər yoldaşları Camalı sürüyə-sürüyə zirzəmiyə salıblar.

 

“Döyüş yoldaşlarım mənə “qardaşım, şəhid olursan, uca zirvəyə yüksəlirsən. Axirətdə görüşərik” dedilər. Bir kəlmə dedim ki, mənə kömək eləyin.  Əvvəlcə rayonda 7-8 saatlıq əməliyyat olundum. Sonra Bakıya apardılar. Yolda atamla danışdım, ona vəziyyətimi bildirmədim. Dedim ki, “yaralanmışam, amma bomba kimiyəm”.

 

Müharibədə şərəfli döyüş yolu keçən C.Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə  “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

20 yaşlı qəhrəman – Camal Alxasov işləməyə başlayacaq

 

44 günlük Vətən müharibəsi çox belə qəhrəmanları bizə tanıtdı. Müharibədən sonra qazilərimizə müvafiq tibbi və psixoloji yardım göstərildi, bu proses indi də davam edir. Amma problemlər hələ də qalır. Belə əsas məsələlərdən biri qazilərin məşğulluğu ilə bağlıdır. Döyüşlər zamanı əlillik qazanan, hərəkət qabiliyyətini itirən şəxslər böyük zərbə almış oldular. 

 

İndi Camalın əl barmaqları işləmir. Sol əlinin barmağı tam qopmasa da, kəsilməli olub. Əvvəllər ticarət sahəsində işləyən, 15 yaşından etibarən sürücülüklə məşğul olan Camal aydın məsələdir ki, indi  bu işləri görə bilmir.  Bir müddət əvvəl Camal yüksək texnologiyalı protezlə təmin olunub, indi Türkiyədə reabilitasiyadan keçir, protezdə gəzməyi öyrənir. Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində Camal Alxasov avtoyuma üzrə kiçik biznes fəaliyyətlərini qurması üçün avadanlıqla da təmin olunub. O, indiki fiziki durumuna uyğun iş axtarır. Və deyəsən tapmaq üzrədir. Qəhrəman gənc MEDİA Agentliyində inzibatçı kimi işə düzəlməyə hazırlaşır.

 

Amma Camal kimi yardım gözləyən, müharibənin zəfərlə bitməsində pay sahibi olan minlərlə gənc var. Onların yenidən cəmiyyətə qayıtması təmin olunmalıdır. Gənclər  ailə qurmalı, yaxınlarına sahib çıxmalı, pul qazanmalıdırlar.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4 min 666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

 

Təhsil eksperti: “Bu gənclər üçün onlayn peşə təlimlərinin təşkili daha uyğundur”

 

Müharibədə yaralananların bir qismi hərəkət qabiliyyətini itirib, bəziləri görmə, eşitmə problemi yaranıb. Bu cür hallarda onlar öz ixtisasları üzrə işləyə bilməzlər. Gənclərin yeni bir ixtisasa yiyələnməsi, məşğulluğa cəlb olunması üçün daha hansı addımlar atıla bilər?  Təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov deyir ki, əlil insanların daha çox evdən işləməsi məqsədəuyğundur:

 

“Aydındır ki, hərəkət qabiliyyəti olmayan insanların işə gedib-gəlmək imkanları olmur. Onlara hansısa təşkilatda mühasiblik, hüquqşünas, tərcüməçi kimi işlər uyğun olardı. Beynəlxalq təcrübəyə müraciət etsək, bəzi ölkələrdə məhz  əlillər üçün xüsusi iş yerləri açılır. Bu praktikadan  yararlanmaq işimizi asanlaşdıra bilər”.

 

Ekspert bildirir ki, pandemiyadan sonra bütün dünyada distant təhsilin əhəmiyyəti artdı. Azərbaycanda da bu istiqamətdə işlər başlanıldı. Bu təcrübədən yararlanmaq, müharibə qaziləri üçün onlayn kurslar təşkil etmək olar: “Belə gənclərin distant ali təhsil almasına da şərait yaradılması yaxşı olardı. Bir neçə il öncə Dövlət Neft Akademiyası ilə məhz əlilliyi olan şəxslər üçün distant ali təhsil alması ilə bağlı gözəl bir layihə gerçəkləmişdi. Bu gənclərin təhsil haqqının böyük qismi də dövlət tərəfindən ödənilirdi. Müharibədən sonra yaranmış durumu nəzər alaraq, Bu cür təşəbbüsləri artırmaq lazımdır”.

 

İ.Əhmədov hesab edir ki, bu məsələdə fərdi yanaşma ortaya qoyulmalıdır. Hər bir kəsin həvəsi, bacarıq və qabiliyyəti nəzərə alınaraq tədbirlər görülməlidir. Məsələn, istəkdən asılı olaraq Web dizayn, sayt yaradılması, sosial media menecmenti kimi işlərə yiyələnməsi üçün onları kurs təşkil etmək olar. Bu sahələrdə qazilərimizin iş tapa bilməsi üçün onlara onlayn təlimlər təşkil etmək lazımdır.

 

Əlilliyi olan şəxslər bu kurslarda iştirak edə bilərlər

 

“Sariban” Peşə İnkişaf Mərkəzinin direktoru İntizar Rzayeva deyir ki, artıq onlarda belə bir şərait var. Mərkəzdə  yeni peşə öyrənmək, ixtisasını dəyişib ayrı sahədə işləmək arzusunda olan hər bir kəsə maraqlandığı sahə üzrə kurslar təşkil edilir. Özü də ödənişsiz.

 

“Hələlik biz aşpazlıq, dərzilik və müxtəlif yaradıcılıq sənət növləri – ebru sənəti, taxta üzərində oyma üzrə kurslar təşkil edirik. Bu istiqamətdə təlimlərimiz, master-klasslarımız olur.  Bunlar ixtisası üzrə işləyə bilməyən, həssas təbəqəyə aid olan şəxslərə yeni peşə öyrənib pul qazanmaq, kiçik də olsa, işini qurub ailəsini dolandırmaq üçün bir fürsətdir. Böyük məmnuniyyətlə qazilərimizi də kurslara dəvət edirik. Evdən işləməyə imkan verən peşələr var ki, onlar üzrə də kurslar təşkil ediləcək. Digər maraqlı təkliflərə də açığıq”.

 

“Sariban” Peşə İnkişaf Mərkəzində həm də özünəgüvən hissini artırmaq üçün psixoloji motivasiya seminarları da təşkil olunur ki, bu da müharibənin dəhşətlərini keçmiş, ciddi xəsarət almış, həyatı tamamilə dəyişmiş insanlar üçün çox önəmlidir.

 

“Məşğulluq marafonu” keçirilir

 

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğunun təmin olunması istiqamətində yeni layihə icra edir. Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızının bizə verdiyi məlumata görə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın bütün sahələrdə dəstəklə təmin olunması üçün geniş miqyaslı işlər aparılır. Həmin vətəndaşların məşğulluğunun təminatı da aparılan işlərin əsas istiqamətlərindən biridir:

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edərək onları bu istiqamətdə aparılan işlərdə sosial tərəfdaşlıq və milli həmrəylik prinsipindən çıxış edərək daha yaxından iştirak etməyə çağırıb. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyaları barədə məlumatları www.dma.gov.az/layiheler/mesgulluq-marafonu  linkinə daxil olmaqla göndərirlər. İyulun 5-nə olan məlumata görə, marafona 193 işəgötürən tərəfindən 866 vakansiya təqdim edilib. Onlardan 53-ü dövlət müəssisəsi, 137-si isə  özəl qurumlardır”.

 

Ə.Nəcməddinqızı bildirir ki, marafonun növbəti mərhələsində işsiz və işaxtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər toplanmış vakansiyalar üzrə işlərlə təmin olunacaqlar.

 

Ekspertlər hesab edirlər ki, dövlət məşğulluq mərkəzləri bu məsələni daim xüsusi diqqət mərkəzində saxlamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlillərinin məşğulluq vəziyyətini digər qurumlarla planlaşdırılmalıdır. İşlər elə qurulmalıdır ki, paralel olaraq həm əlillərə uyğun iş yerləri açılsın, digər tərəfdən də onlara bu peşələrə uyğun təlimlər keçilsin ki, həmin peşəyə yiyələndikdən sonra işləyə bilsinlər.

 

Fidan Əli

Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin  media kampaniyası çərçivəsində Education HUB üçün hazırlanıb.