Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 11:08:20
“Xariciləri pul xətrinə necə gəldi qəbul etmək istəmirik” – Əcnəbi tələbə axınına hazır olaq

Azərbaycanlı tələbələrin  xaricə təhsil  üçün üz tutmaları artıq kütləvi hal alıb. Lakin əcnəbilərin də oxumaqdan  ötrü  universitetlərimizi seçir və bu tendensiya getdikcə güclənir. Vətəndaşları Azərbaycanda oxuyan ölkələr arasında Türkiyə, MDB ölkələri üstünlük təşkil edir.

AzEdu.az əcnəbi tələbələrin universitetlərə giriş şərtləri, kəmiyyəti haqqında məlumatları təqdim edir:

UNEC - Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata əsasən, orada 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulu həyata keçirilir.  Təhsil  Azərbaycan, rus, türk və ingilis dillərində aparılır. Qəbul elektron formadadır. Əcnəbi abituriyentlər kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edirlər. Tələbə müvafiq tələblərə cavab verdiyi halda təhsil alma hüququnu qazanır. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı, tövsiyə məktubu da tələb olunur. Lazım gəldikdə abituriyentlər “Skype” və ya telefon vasitəsilə müsahibəyə dəvət edilir. Hazırda UNEC-də 192 əcnəbi tələbə təhsil alır. Tələbələrin böyük əksəriyyəti MDB ölkələrinin vətəndaşlarıdır.

ADNSU - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, universitet üçün yüksək  potensial sayılan ölkələrlə tələbə mübadiləsi istiqamətində əməkdaşlıqlar qururlar:

“Universitetdə tarixən, Çin, Əlcəzair, vyetnamlı   tələbələrin sayı çox olub. Hazırda isə onlarla əməkdaşlıq əlaqələri bərpa olunur. Əcnəbi tələbələr əsasən ingilis dilində  təhsil alırlar və buna görə də onların dil bilikləri yoxlanılır. Rektor  görüşlərdə də vurğulayır ki,  tələbənin savadı  və öyrənmə həvəsi olmalıdır. Səviyyəsindən asılı olaraq,  o, hazırlıq qrupuna və ya bakalavr pilləsinə qəbul oluna bilər. Əsas məsələlərdən biri də odur ki, subbakalavr pilləsində texniki sahədə təhsil alan, kollec səviyyəsinə uyğun gələn tələbələr var. Bu, daha hazırlıqlı tələbənin gəlib bizdə oxuması deməkdir. Tələbələri kor-koranə qəbul etmək istəmirik. Təbii ki, bu, universitetə xeyirdir, ölkəyə valyuta gətirir. Onlar ödənişli əsaslarla oxumağa gəlirlər, amma  ödəniş naminə tələbəni  necə gəldi qəbul etmək istəmirik”.

Qeyd edək ki, hazırda ADNSU-da təhsil alan xarici tələbələrin ümumi sayı 350-dən artıqdır. 110 tələbəylə ilk yeri Türkmənistan tutur. Tələbələrin sayına görə ikinci və üçüncü yerdə isə Çin və  Pakistandır. Ümumilikdə 30-dək ölkədən tələbə var. 

AzMİU - Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində isə əcnəbi tələbələrin sayı  700-dən çoxdur. Üstünlüyü isə Türkiyə Respublikası təşkil edir.

AzTU - Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayevin sözlərinə görə, universitetə əcnəbi tələbələrin qəbulu Azərbaycan Respublikasının “Təhsil haqqında”  Qanunvericiliyinə və miqrasiya qanunları əsasında aparılır:

“Beynəlxalq əlaqələr departamentinin daxilində “Xarici tələbələrlə iş” şöbəsi var. Həmin şöbənin yazışmaları, xaricdə təhsil şirkətləri ilə danışıqları əsasında tələbələr bizi seçir. Onlar lazım olan sənədlərin siyahısını  tələbələrə təqdim edirlər. Həmçinin təhsil haqqı, universitetin maddi-texniki bazası ilə tanış edirlər. Sonra tələbələr lazım olan sənədləri göndərir. Asiya ölkələrindən,Türkiyədən tələbələrin sayı daha çoxdur. Avropa ölkələrindən isə  bizim universitetlərə qəbul elə də  real görünmür. Çünki Avropa universitetlərinin təhsil sistemi çox inkişaf edib. Bizim ali təhsil müəssisələri isə  bəzi hallarda onların təcrübəsi, sistemini model kimi qəbul edib tətbiq edir. Ona görə Avropa, Amerika, Yaponiya və ya Çindən tələbə cəlb etməyimiz biraz çətindir. Sevindirici haldır ki, Çin kimi ali təhsil sistemi inkişaf etmiş bir ökədən  hazırda 10-a yaxın tələbəmiz var. Universitetimizdə Çin dili kursları açılacaq. Bu kurslarda çinli müəllimlər dərs keçəçək. Burada dili öyrənib imtahan verən azərbaycanlı tələbələr Çin universitetlərində  1-2 semestr təhsil ala biləcəklər. Ümumilikdə dünyada universitetə qəbul sistemi belədir ki, orta təhsili təsdiq edən sənəddəki qiymətlərə baxılır. Yaxşı qiymətlər olduqda universitetə qəbul olunurlar. Məsələn, bizə müraciət edən tələbə, Türkiyədə riyaziyyatdan “3” alıbsa,  onun müraciəti geri çevrilir. Tələbələri cəlb etmək üçün isə xaricdə təhsil şirkətləriylə danışıqlar olur, bununla yanaşı xaricdə təhsil sərgilərində də iştirak edirik. Bundan başqa onlayn olaraq bizim universiteti axtarıb tapanlar olur”.

Qeyd edək ki, xarici vətəndaşlar üçün ali təhsil ödənişlidir. Bir il  təhsil alacaqları dildə hazırlıq kursu keçdikdən sonra 4 il bakalavr pilləsi üzrə oxuyurlar. AzTU-da əcnəbi tələbələrin sayı isə təxminən 300-ə yaxındır.

ATU - Azərbaycan Tibb Universitetində 1800 əcnəbi tələbə təhsil alır. Bu da respublika üzrə təhsil alan xaric tələbələrin 1/3-ni təşkil edir.

 ATU-da əcnəbi tələbələrin qəbulu üçün onlayn sistem yaradılıb. Bunun üçün onlar Admission.amu.edu.az.saytında qeydiyyatdan keçirlər. Sonra tələb olunan sənədləri onlayn olaraq ora yükləyirlər. Saytda universitetin ölkələr üzrə bütün şərtləri qeyd edilib. Ölkələrə görə kriteriyalar  müxtəlifdir. Tələbənin sənədləri o kriteriyalara uyğundursa, müraciət edir. Qeydiyyatdan sonra xüsusi  komissiyyanın nəzarəti ilə tələbəylə “skype”la müsahibə təyin olunur. Bu komissiyada əcnəbi tələbələrin seçimi aparılır və qərara əsasən tələbə universitetin hazırlıq kursunda oxuma haqqı qazanır.

Universitetdən verilən məlumata görə, keçən il hazırlıq qrupunda 16 müxtəlif ölkədən tələbə oxuyurdu:

“İlk üç yeri isə İran, İraq və Türkiyədən olanlar təşkil edir. Burda da bir neçə səbəb var. Dil baryeri böyük rol oynayır. Azərbaycanı seçmələrinin digər səbəbi də müsəlman ölkəsi olmasıdır. Həmçinin regionda ən inkişaf etmiş  təhsil ocağı Azərbaycan Tibb Universitetidir. Bir faktı da deyim ki, bizim təhsil haqqımız digər universitetlərə nisbətən daha aşağıdır. Əcnəbi tələbələr üçün hazırlıq kursu üçün ortalama təhsil haqqı 3000, digər pillələr üzrə isə 4000 dollardır.  İnkişafa, fəaliyyətə görə müraciət edən tələbələrin sayının artacağını praqnozlaşdırırıq. Həmçinin bizə müracit edən 16 ölkəni genişləndirmək istəyirik. İnkişaf etmiş Avropa ölkələrindən də tələbələr cəlb etməyi düşünürük”.

BANM - Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, əcnəbi tələbələrin qəbulu keçən ildən başlayıb. Bu ildən isə yeni, MBA proqramlarına qəbul elan edilib:

“Bakalavr pilləsi üzrə əcnəbi tələbələrin qəbulu var idi, bu ildən isə qeyd etdiyim kimi MBA üzrə qəbula başlamışıq. Tələbələr bhos.edu.az saytı üzərindən qeydiyyatdan keçirlər.Orada “əcnəbi tələbələrin qəbulu” bölməsində bütün şərtlər qeyd olunurb.  Hazırda BANM-da 6 əcnəbi tələbə təhsil alır. Onlardan biri İngiltərə, ikisi Gürcüstan, bir nəfər Rusiya, iki nəfər isə İran vətəndaşlarıdır. Müraciət çoxdur, sadəcə dərs yükü çox olduğundan hər kəsi qəbul edə bilmirik. Bu ildən xüsusi qruplar yaradılacaq. BMT ilə də müqavilə bağlanıb.Müqaviləyə əsasən onlar15 tələbəni təhsil almağa göndərəcəklər. Gələn ilə tələbələrin sayı 30-40 nəfər olacaq”.