Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 13:00:00
ATU-nun şöbə müdiri: Tam əyani tədrisə keçmək imkanı varsa, onu dəyərləndirmək lazımdır  

Yeni tədris ilinin başlamasına az qalıb. Hər kəs təhsil prosesinin əyani olmasını istəyir. Bu, xüsusilə də tibb sahəsində təhsil alanların marağındadır. Hazırda hər bir tələbənin, eləcə də professor-müəllim heyətinin, köməkçi heyət üzvlərinin koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulması zərurəti yaranıb. Vaksinasiya tələbələr, xüsusilə tibb üzrə təhsil alan tələbələr üçün çox önəmlidir. Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları arasında COVID-19-a qarşı peyvənd olunanların sayı kifayət qədərdir.

 

AzEdu.az xəbər verir ki, bunu ATU-nun tədris və təhsildə keyfiyyət şöbəsinin müdiri, tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov deyib.

 

Mikrobioloq bildirib ki, vaksini əldə edə bilməyən ölkələrə rəğmən, Azərbaycanda bu baxımdan problem yaşanmır və vətəndaşlarımız bir neçə növ peyvənd arasında seçim etmək imkanına malikdirlər.

O deyib: “Bəzən valideynlərdən eşidirik ki, onlar övladlarının peyvənd vurdurmasından qorxurlar. Hətta bu səbəbdən uşaqların təhsilini distant davam etdirməsinə belə razıdırlar. Halbuki, tələbələrin özləri əyani təhsilə qayıtmaq istəyirlər. Çünki tibb sahəsində distant təhsil əyani praktikanın yerini verə bilməz. Tələbələr çox məqamı öz gözləri ilə görməli, birbaşa baxaraq öyrənməlidirlər. Keçən tədris ilində biz yuxarı kurslarda əyani, aşağı kurslarda isə onlayn tədris aparmaqla, qarışıq forma tətbiq etdik. Lakin bu gün tam əyani tədrisə keçmək imkanı varsa, onu dəyərləndirmək lazımdır".

Vaksinin üstünlüklərindən danışan S.Cavadov qeyd edib ki, “immunitetim yüksəkdir, bədənim güclüdür, virusa yoluxmayacam” deyənlər səhv edirlər. Bu zaman əksər vətəndaşlar orqanizmin müqaviməti ilə xəstəliyə qarşı yaranan immuniteti qarışdırırlar: "Bu, hər hansı bir xəstəliyə qarşı yaranan immunitetdir. Biz özümüz də uşaqlıq dövründə bir neçə infeksiyaya qarşı vaksinasiya olunmuşuq. Eləcə də, yetkinlik dövründə bəzi vətəndaşlar, xüsusilə tibb işçiləri hepatit B virusuna qarşı peyvənd vurdururlar. Yəni, biz artıq peyvəndləşmənin üstünlüklərindən xəbərdarıq".

Mikrobioloq həkim bildirib ki, vaksinasiya ictimai hal alarsa, əhalinin 80 faizi immunitet qazanmış olarsa, bu xəstəliyə qalib gəlmiş hesab oluna bilərik. Odur ki, mütəxəssis hər kəsi peyvənd olunmağa, həm özünü, həm də ətrafdakıları qorumağa çağırıb.