Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 14:14:00
Nazirin canlı yayımdan toxunduğ ən vacib məqamlar – MİQ problemlərinə cavab

 

 

 

Avqustun 4-də Təhsil naziri Emin Əmrullayev rəsmi  feysbuk səhifəsində 2021-2022-ci illər üzrə keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı ilə bağlı canlı yayım edib.

 

Canlı yayım zamanı müəllimləri narahat edən bir sıra vacib məsələlərə toxunulub.

 

AzEdu.az həmin məqamları təqdim edir:

 

Son üç ildə 27 197 müəllim müsabiqə vasitəsilə işə qəbul olunub:

 

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, bu il 46 930 nəfər imtahanda iştirak edib:

 

“Onlardan 10 259 nəfəri (22 %) hazırda müəllim kimi işləyənlərdir. Bu il ilkin elan edilən vakansiyaların sayı 7 718-dir. Azərbaycan bölməsi üzrə 6 871 yerdir. Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik. 3000-ə qədər vakansiya hər il təkrar olaraq çıxarılır”.

 

Bakı, Sumqayıt və Abşeronda vakant müəllim yerlərinin sayı açıqlanıb:

 

“Müəllim sayından asılı olaraq yerlər vakansiyaya çıxarılır. Bakı, Sumqayıt, Abşeron üzrə 1 055 vakant yer müsabiqəyə çıxarılıb”.

 

Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var:

 

“Onların da 11,6 mini 25-60 yaş aralığında olanlardır. Müəllimlərin böyük qismi gənc yaşlarında olanlardır. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb.

 

Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1 412 vakansiya var”.

 

E.Əmrullayev əlavə edib ki, hazırda müəllim işləyənlərdən 1 533 nəfəri 60-64 yaş aralığındadır:

 

“116 nəfər isə 65 yaşdan yuxarıdır”.

 

Universitetlərdə bəzi ixtisaslar üzrə 10 240 yeni yer ayrılıb:

 

2021-2022-ci tədris ilində bəzi ixtisaslar üzrə universitetlərin bakalavriat səviyyəsində ayrılan proqnoz yerlərin sayı açıqlanıb.

 

Təhsil naziri Emin Əmrullayev deyib ki, növbəti tədris ili üzrə 10 240 yer ayrılıb.

 

O, qeyd edib ki, həmin yerlərdən 4 175-i dövlət sifarişi əsasında olacaq.

 

Nazir: “İmtahanlar ədalətsiz təşkil olunmayıb”:

 

Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə ibtidai sinif üzrə 3 920 nəfər 41-60 bal aralığında nəticə göstərib:

 

Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından, onlar arasında rəqabət olacaq.

 

Riyaziyyat fənni üzrə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib:

 

“Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyaziyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb”.

 

Təhsil Nazirliyi vakansiyaları hər zaman göstərir və bu çap ediləcək:

 

“Əgər düşünürsünüz ki, kimsə hansısa vakansiyalarla bağlı məlumatları gizlədir, onda həmin məlumatları bizə göndərə bilərsiniz”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, vakant yerlərin sayını hər il artırmaq mümkündür:

 

“Vakansiyalar fənlər üzrə də fərqlənə bilər. Əvvəllər birinci sinfə şagird qəbulu çox olsa da, bu gün bu göstərici aşağı düşür. Ona görə də ola bilsin ki, növbəti illərdə ibtidai siniflər üzrə vakansiya sayı aşağı düşə bilər”.

 

O əlavə edib ki, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil: “Bizi də başa düşmək lazımdır ki, hamını Bakıda işə götürə bilmərik. Kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanımların ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər yaranır”.

 

Nazir: "Sosial şəbəkələrdə paylaşılan suallar rəqabətliliyə yaxşı təsir göstərmir":

 

“Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi 10 il əvvəlki dövrlə müqayisədə kifayət qədər ədalətli keçirilir”.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, imtahanlarda istifadə olunan test tapşırıqlarının çətinliyi arasında əsaslı fərq yoxdursa, fənlərarası əlaqələr elə də önəmli deyil: “Müəllimlərin işə qəbulu üzrə müsabiqənin məqsədi daha hazırlıqlı olan namizədləri məktəblərə müəllim kimi qəbul etməkdir. Suallar əvvəlki test tapşırıqlarının statistikasına əsasən hazırlanır. Sosial şəbəkələrdə paylaşılan suallar rəqabətliliyə yaxşı təsir göstərmir”.

 

Emin Əmrullayev: "Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur":

 

“Süni şəkildə müəllimlərin dərs saatını aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”.

 

Nazir bildirib ki, ölkədə fəaliyyət göstərən məktəblərdə az dərs saatı olan müəllimlərin sayı çoxdur.

 

Təhsil naziri müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə keçirilən imtahanlarda namizədlərə verilən vaxt məsələsinə də toxunub: “Yenə də araşdırma apararıq və ehtiyac olarsa, bəzi fənlər üzrə nəsə etmək olar. Test tapşırıqlarının çətinliyi məsələsi ibtidai sinif, riyaziyyat və ingilis dili fənnləri üzrə müəllimlərin işə qəbulu ehtimalına təsir etməyib və ya etmir”.

 

E.Əmrullayev vurğulayıb ki, əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplanmasıdır: “Sıralamada digər namizədlərdən üstünsünüzsə, o zaman işə qəbul şansınız daha çox olur”.

 

Nazir eyni zamanda əlavə edib ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq: “Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s. Ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfdarıyam”.

 

Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq:

 

“Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsi avqustun sonuna yaxın keçirilə bilər”.

 

Nazir bildirib ki, müsahibə mərhələsi əsasən yer seçimi edildikdən sonra həyata keçiriləcək.

 

O qeyd edib ki, sertifikasiya imtahanının həyata keçirilməsindən sonra həm sertifikasiya, həm də MİQ imtahanlarının da 120 dəqiqə ərzində olması planlaşdırılır.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları