Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-16 11:24:00
Fiziki tərbiyə və təsviri incəsənət fənlərinin birinciləri: “Kurikulum sualları rahat idi” – MİQ  

 

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 15 iyulda fiziki tərbiyə və təsviri incəsənət müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 2 müdavim yüksək nəticə əldə edib.

 

 

AzEdu.az həmin şəxslərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib:

 

 

 

Günay Musayeva fiziki tərbiyə üzrə 55 bal toplayıb:

 

 

O, 27 iyun 1994-cü ildə Şəki şəhərində anadan olub. Həmin şəhərin 12 saylı tam orta məktəbini bitirib. Sonra isə Şəki Pedoqoji Kollecinə daxil olub və buradan məzun adını qazanıb.  

 

 

“MİQ-ə əvvəllər özüm hazırlaşmağıma baxmayaraq, kifayət qədər bal toplaya bilmədim. Bu il isə ixtisasım üzrə müəllimlə hazırlaşdım, kurikulumu isə fərdi şəkildə öyrənməyə çalışdım. 

 

 

İmtahan sualları normal idi. Qarşıma məqsəd qoymuşdum ki, yüksək nəticə göstərməliyəm. Uşaqları çox sevirəm və  onlarla işləməyi arzulayıram. Şagirdlərin təlim-tərbiyəsində mənim də əməyimin olmasını istəyirəm”.

 

 

Nigar Məmmədova təsviri incəsənət üzrə 57 bal toplayıb:

 

 

O, 1 aprel 1990-cu ildə Sumqayıtda dünyaya gəlib. Həmin şəhərin “İstedad” liseyində orta təhsilini başa vurub. Bakalavr və magistr təhsilini isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tamamlayıb. 2020-ci ildə MİQ-də iştirak edərək 47 bal toplayıb. Səhvləri üzərində işlədikdən sonra 2021-ci ildə yenidən MİQ-də iştirak edib və 57 ballıq nəticə göstərib.

 

 

“İxtisasım və kurikulum üzrə fərdi şəkildə hazırlaşdım. İmtahanı Sumqayıt şəhər 31 saylı məktəbdə verdim. Nəzarət olduqca güclü idi və hər şey şəffaf şəkildə təşkil edilmişdi. Nəzarətçilər bizə qarşı anlayışlı rəftar edirdilər. 

 

 

İmtahan sualları olduqca rahat idi. Xüsusən də, kurikulum sualları, çünki onu ixtisasımız ilə əlaqəli tərtib etmişdilər. Ona görə də heç bir çətinlik yaşamadım. Düşünürəm ki, bu çox uğurlu strategiyadı və bizi nəzərə alaraq bunu ediblər. İxtisas sualları isə orta səviyyədə idi. Nə çox asan, nə də çox çətin deyildi. Lakin dərslikdən kənar heç bir suala yer verilməmişdi. 

 

 

Hazırda "Heykəltəraşlıqda Heydər Əliyev obrazı " kitabı üzərimdə işləyirəm. Yaxın aylarda onu çapa verəcəm.

 

 

Gələcək fəaliyyətimdə təsviri incəsənət fənnini şagirdlərə sevdirmək üçün əlimdən gələni edəcəm. Dərs prosesində fərqli üsul və formalardan istifadə edərək şagirdləri Azərbaycan və dünya təsviri incəsənəti ilə tanış edib, onlarda estetik dünyagörüşü, zövq və hissiyat aləmini inkişaf etdirməyi planlayıram”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları