Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 12:22:00
Ölkə rekorduna imza atan müəllimlərin uğur sirri – “Dayanmadan oxuyurduq”  

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin 8 iyulunda ibtidai sinif müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 2 nəfər maksimum nəticə olan 60 balı toplayıb.

 

 

AzEdu.az ən  yüksək bal toplayan namizədlərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib.

 

 

Cəmilə Əliyeva test imtahan mərhələsinə  “online”  şəkildə hazırlaşıb:

 

 

O, Bakı şəhər 181 nömrəli tam orta məktəbi bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alıb. MİQ-də ilk dəfə 2019-cu ildə 41, 2020-ci ildə isə 45 ballıq nəticə göstərib. Bir neçə kursda müəllim kimi çalışıb. 

 

 

 

“MİQ-ə onlayn şəkildə hazırlaşdım. Özümə olan güvənim çox idi. Məqsədim minimum 59 bal nəticə göstərməyə hədəflənmişdi. Son 3 ayı demək olar ki dayanmadan oxudum və nəticəm 60 bal oldu. 

 

 

Uşaqlarla işləməyi həqiqətən çox sevirəm, bu, mənə rahatlıq və hüzur gətirir. Peşəmi sevərək seçmişəm və gələcək planlarım,  məqsədlərim çoxdur. Ali təhsilimi magistr və doktorantura  üzrə davam etdirmək istəyirəm. Ancaq ən böyük istəyim cəmiyyətə faydalı müəllim olmaq və layiqli gənclər yetişdirməkdir.

 

 

Qarşısına məqsəd qoyan biri üçün minlərlə belə imtahan heç nədi. İmtahandan qorxmaq lazım deyil, qoy, o  bizdən qorxsun. 

 

 

Kurikulumun şagirdyönümlülük prinsipini çox bəyənirəm. Uşaqlara məcburi şəkildə yox, sevgi və maraq əsasında öyrətməyə çalışacağam. Məqsədim həm öyrətmək, həm tərbiyə etməkdir. Sevgi olmayan yerdə hansı öyrətmə prosesindən söhbət gedə bilər? Əvvəlcə uşaqları sevmək, sonra bu yolda addımlamaq lazımdır”.

 

 

Maksimal nəticə göstərən digər namizəd Cəmilə Ağamirzəyevanın ən böyük arzusu müəllim adını qazanmaq olub:

 

 

O, 1988 ci ildə anadan olub. 1995-ci ildə Bakı şəhəri Hövsan qəsəbəsi 270 saylı orta məktəbə başlayıb. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsilin Pedaqogika və Metodikası fakültəsinə qəbul olub, 2012 ci ildə ali təhsilini başa vurub.

 

 

“Ən böyük arzum müəllim adını qazanmaq olub. Hazırlığımı heç bir kursa getmədən evdə onlayn qruplarda fərdi qaydada həyata keçirmişəm. 2020-ci ildə 53 bal cari ildə isə maksimum nəticə olan 60 balı topladım. 

 

 

 

İmtahan Təhsil Nazirliyinin proqramı əsasında hazırlanmışdı. Gələcək işimdə ən böyük məqsədim təhsil verdiyim şagirdlərdə ilk növbədə dövlətinə, xalqına, millətinə sadiqlik, vətənpərvərlik və milli mənəvi dəyərlərə hörmət hissini formalaşdırmaqdır. Eyni zamanda şagirdləri bilik, bacarıq və vərdişlərə yiyələndirməkdə olduqca vacibdi. Bundan başqa ən müasir metodlardan istifadə edərək şagirdlərin gələcək həyatlarında şəxsiyyət kimi formalaşmalarına yardımçı olmağı planlayıram”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları