Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 12:38:00
Fizika fənni üzrə ölkə birincisi:  "Sualların heç birisi tanış deyildi" -MİQ  

 

5 iyuldan etibarən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verildi.

 

 

İmtahanların ilk gününə fizika və informatika fənni üzrə 2000-dən artıq namizəd dəvət olunub.

 

 

Test imtahanı mərhələsində ən yüksək nəticəni fizika fənni üzrə Arzu Quliyeva əldə edib.

 

 

AzEdu.az 59 ballıq nəticə əldə edən namizədlə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib.

 

 

Gəlin, müəllim namizədi yaxından tanıyaq:

 

 

Arzu Quliyeva 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2006-cı ildə Sumqayıt şəhər 26 saylı tam orta məktəbi bitirib. Həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 2010-cu ildə universiteti bitirdikdən bir il sonra Cəbrayıl rayon Hovuslu kənd tam orta məktəbində fizika müəllimi olaraq iş fəaliyyətinə başlayıb. Arzu Quliyeva 10 il bu məktəbdə çalışıb və diaqnostik qiymətləndirmədə 54 bal toplayıb. 2021-ci ildə isə MİQ-də iştirak edərək 59 ballıq nəticə əldə edib.

 

 

Arzu xanım vakansiya mərhələsində hansı məktəbi seçəcəyindən söz açıb:

 

 

“10 il eyni məktəbdə çalışdıqdan sonra bu il qərar verdim ki, çalışdığım məktəbi dəyişim. Hazırda Suraxanı rayonunda yaşayıram və yaşadığım əraziya yaxın olan təhsil müəssisəsini seçmək istəyirəm. İnşallah ki, vakansiyalar arasında həmin məktəb olar və mən yeni işimə oradan başlayaram”.

 

 

Müəllim namizəd yüksək bal toplamağının sirlərini bizimlə bölüşüb:

 

 

“Yüksək nəticə əldə etməyimin yeganə səbəbi çox çalışmağım idi. Heç vaxt tənbəl olmamışam və işlədiyim zamanlar belə öyrənməyə səy göstərmişəm. Çox öyrənməyə çalışmışam ki, şagirdlərimə daha keyfiyyətli şəkildə öyrədə bilim”.

 

 

Bəzi namizədlər sosial şəbəkədə  yüksək nəticə əldə edən şəxslərin gün sonu seanslarda iştirak etdiyini və sualları əvvəlcədən öyrəndiyini iddia edir, amma Arzu xanım bunun həqiqətə uyğun olmadığını deyir:

 

 

“Mən imtahana 5 iyul saat 09:00-da daxil oldum. Bu birinci seans idi və sualların təkrarlanmaq ehtimalı yox idi. Test tapşırıqlarından heç biri mənə tanış deyildi. Yeni-yeni suallar, amma bildiyim bilgilər idi. Fizika tətbiqdən keçdiyi üçün tapşırıqların çoxu məsələ xarakterli idi. Şükür olsun ki, mən onların öhtəsindən gələ bildim”.

 

 

Müəllim namizəd MİQ-də iştirak edəcək şəxslərə bir sıra tövsiyələr verib:

 

 

“MİQ-də iştirak edəcək namizədlərə məsləhətim odur ki, çox çalışsınlar. Daima öz üzərlərində işləsinlər və çoxlu sual tipləri görsünlər. Bu, hər testə yanaşmada və onu cavablandırmada çətinliyi azaldacaq”.

 

 

Arzu Quliyeva şagirdlərinə hansı üsulla dərs keçdiyi haqqında danışıb:

 

 

“İstər çalışdığım dövr, istərsə də gələcək fəaliyyətimdə çalışacam ki, şagirdlərimə mükəmməl təhsil verim. Fənnimi ən yaxşı şəkildə tədris etməyə çalışacam. Dərslərimi müasir təhsil proqramlarına uyğun tədris edəcəm. Kurikulum əsasında şagirdlərə fizikanı öyrətməyə çalışıram və gələcəkdə də bu üsulla işimi davam etdirəcəm”.

 

 

Bütün namizədlərə uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları