Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 11:27:00
Təhsil İnstitutu 90 illik yubileyini qeyd edir

Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyini qeyd edir.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, 1931-ci il iyulun 1-də Azərbaycan Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı Xalq Maarif Şöbəsinin laboratoriyası əsasında indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) bünövrəsi qoyulub. Kiçik bir şöbə və bir neçə qrup formasında fəaliyyətə başlayan institut getdikcə genişlənib və fəaliyyət istiqamətlərini artırıb. Artıq 2000-ci ildə ARTİ elmi şöbələrdən ibarət olan və pedaqogikanın aktual məsələlərini öyrənən bir quruma çevrilib.

 

Hazırda struktur şöbələr və 5 mərkəzdən ibarət olan ARTİ-nin fəaliyyəti təhsilin nəzəri və təcrübi məsələləri, o cümlədən təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması, təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması, elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı, müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması kimi sahələri əhatə edir.

 

Eyni zamanda, ARTİ müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması, elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi, təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması, elmi-tədqiqatların aparılması, təhsil islahatlarına yönəlmiş layihələrin icra olunması kimi fəaliyyətləri həyata keçirir.