Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 09:48:00
Bu məktəbinin 26 məzununa sertifikat verilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində ölkəmizdə ilk İnklüziv İncəsənət Məktəbi 2019-cu ilin noyabrında yaradılıb. DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzində həmin məktəbin 3 aylıq kurslarını bitirən əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb.

 

Əl işlərinin nümayişi zamanı məktəbin koordinatoru Əsli Zeynalabdinova AzEdu.az-ın müxbirinə deyib: “Layihənin əsas məqsədi yaşı 16-dan yuxarı əlilliyi olanların və əlilliyi olmayanların inklüziv şəraitdə təhsilə, xüsusilə incəsənətyönümlü təhsilə cəlb olunmasıdır. Məktəbdə üç əsas istiqamətdə - toxuculuq, ağac üzərində oymaçılıq və rəssamlıq ixtisasları üzrə kurslar təşkil edilib. Ötən aydan başlayaraq qrafikanın bir qolu olan strink art, yəni mismar və iplə toxunan dekorativ əsərlər üzrə də kurslar fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra olunan layihəsi əlilliyi olanlara dövlətin göstərdiyi işlərə dəstək vermək məqsədi daşıyır”.

 

Müsahibimiz daha sonra deyib: “Məktəbimizin fəaliyyəti daha çox yeni növ koronavirus (COVID-19) pandemiyası dövrünə düşüb. Buna baxmayaraq həmin dövrdə müəllimlər tələbələri yalqız buraxmayıblar və onlayn dərslər təşkil edilib. Aprelə qədər 10 canlı və 71 onlayn dərs keçirilib. 2020-ci ildə layihənin onlayn satış-sərgisi olub. Dövlət, beynəlxalq təşkilatlar və vətəndaşların əl-ələ verərək inklüzivliyi yayması çox faydalı və səmərəli olardı, çünki inklüzivlik müasir dövrün tələbidir. Bu gün məktəbin ilk buraxılışının 26 məzununa sertifikatlar verildi. Mən həssas qrupların cəmiyyətə inteqrasiya olunmasında mühüm rol oynayan İnklüziv İncəsənət Məktəbini inkişaf etdirməyə çağırıram”.