Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 13:51:00
“Biz zəfər qazandıq!” respublika onlayn rəsm müsabiqə-sərgisinin qalibləri mükafatlandırılıb  

İyunun 7-də Hərbi Qənimətlər Parkında Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Biz zəfər qazandıq!” respublika onlayn rəsm müsabiqə-sərgisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, öncə tədbir iştirakçıları müsabiqəyə təqdim edilmiş rəsm işləri ilə tanış olublar.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində qazanılan Zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb.

 

Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən bəhs ediblər. Mükafatlandırma mərasiminin Hərbi Qənimətlər Parkında keçirilməsinin xüsusi önəmini vurğulayıblar, qalibləri təbrik ediblər.

 

Çıxışlardan sonra müsabiqə-sərgidə 1, 2, 3-cü və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, onlara diplom və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqə-sərgiyə ümumilikdə 1127 rəsm işi daxil olub. İşlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorları Ziyadxan Əliyev, Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü İnna Viktorovna Bəşirova tərəfindən qiymətləndirilib.