Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 09:00:00
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 3-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirir.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlar respublikanın 16 şəhər və rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Şirvan və Sumqayıt (1-ci hissə) şəhərlərində, Gəncə şəhərinin Nizami rayonunda, Ağstafa, Astara, Daşkəsən, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Şabran, Ucar, Yardımlı, Yevlax və Zərdab rayonlarında keçirilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (şagird buraxılış vərəqi ilə birlikdə çap edir və imzalayır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 98 imtahan binası, 1605 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 1945 nəzarətçi-müəllim, 196 buraxılışı rejimi əməkdaşı (mühafizə), 98 bina nümayəndəsi cəlb edilib.

Bu gün keçiriləcək imtahanlarda 20438 şagirdin iştirakı nəzərdə tutulur.