Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 13:56:00
"Azərbaycanda Rektorlar Konfransı" layihəsinin açılış mərasimi keçirilib  

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinator olduğu “Azərbaycanda Rektorlar Konfransı” layihəsinin onlayn formatda təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, açılış tədbirində Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Charta müşahidə qrupu, Avropa Universitetləri Birliyi, Fransa Beynəlxalq Təhsil Mərkəzi, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumu, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyi, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyi, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və səlahiyyətli nümayəndələri, ölkəmizdə akreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları və rəhbər şəxsləri, eləcə də digər nüfuzlu mötəbər qonaqlar iştirak ediblər.

 

Bakı Ali Neft Məktəbi Azərbaycanda Rektorlar Şurasının Yaradılması layihəsinin yerli partnorlarından biridir. Layihənin açılış görüşündə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək qrant qazanmasına görə Bakı Biznes Universitetini təbrik edərək, layihənin gələcək inkişafı üçün uğurlar diləyib.

 

Tədbirdə 3 il müddətində həyata keçiriləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verilib.

 

Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, Təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış ediblər.

 

Tədbirdə çıxış edən Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz təbriklərini çatdırıb. O, layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb. Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya Rektorlar Konfransının nümayəndələri də Rektorlar Konfransına dair faydalı fikirlərini və Avropa təcrübələrini bölüşüblər.

 

Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, Erasmus+ Azərbaycan ofisinin rəhbəri də çıxış edərək yeni çağırışların müşahidə edildiyi müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruri olduğunu və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.