Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 14:10:00
AzTU-da Aprel döyüşlərinin 5 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərinin 5 illiyinə həsr olunan “Zəfər yolu” adlı onlayn tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri və şəhid ailələri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Məhz bu döyüşlərdə illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Rektor Aprel döyüşlərində AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyevin şəhidlik zirvəsinə ucaldığını bildirib. Qeyd edib ki, universitet şəhid tələbə və məzunlarının xatirəsini hər zaman əziz tutur, onlarla fəxr edir. Vilayət Vəliyev deyib ki, beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarix yazan və xalqımıza qələbə sevinci yaşadan Müzəffər Ordumuzun səyi nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Bu döyüşlərdə də AzTU-nun tələbə və məzunlarının böyük ruh yüksəkliyi ilə iştirak etdiyini vurğulayan rektor onlardan 27 nəfərinin şəhidlik zirvəsinə ucaldığını bildirib. AzTU tələbələri arasında vətənpərvərlik hissinin hər zaman yüksək olduğu da diqqətə çatdırılıb. 

 

Sonra AzTU-nun məzunu, Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Həsənova və Müşfiq Orucovun anası Aygün Məmmədli övladları ilə bağlı xatirələrini bölüşüb, 2016-cı ilin aprelində ordumuzun düşmən üzərində qazandığı qələbənin əhəmiyyətindən danışıb.

 

2016-cı il aprelin 19-da Cəbrayıl rayonunda minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova da şəhidin qəhrəmanlıq yolundan bəhs edib.

 

Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçıları adından çıxış edən Elnur Hüseynov Müzəffər Ordumuzun gücü və qətiyyəti barədə danışıb.

 

Tədbirdə  AzTU tələbələrinin Aprel döyüşləri ilə bağlı hazırladıqları videoçarx nümayiş olunub.

 

Daha sonra tələbələrin ifasında şeirlər səsləndirilib.