Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-07 12:27:00
Universitetlərimizdən il ərzində xaric olunan tələbələr – Şok səbəblər, təəccübləndirən rəqəmlər

Azərbaycan universitetlərindən  hər il minlərlə tələbə məzun olur. Amma universiteti bitirə bilməyib, müxtəlif səbəblərdən ali təhsil müəssisələrindən xaric olunanlara da təsadüf edilir.  

AzEdu.az  tələbələrin universitetlərdən xaric olunması ilə bağlı ayrı-ayrı universitetlərə müraciət edib. Silsilə şəklində təqdim edəcəyimiz göstəricilərdə oxucuları təəssücləbdirəcək rəqəmlərə də rast gələcəyik:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, 2017-ci təqvim ilində ali təhsil müəssisəsindən 90 nəfər xaric olunub:

“Biz bu statistikanı hər il oktyabrda aparırıq. Çünki tələbələrin yay imtahanlarını verib, kəsrlərini ləğv etmək imkanları olur. Ona görə də yekun məlumat oktyabrda bilinəcək.

Ümumilikdə 2017-ci təqvim ilində universitetdən 90, 2018-ci tədris ilində isə 95 nəfər xaric olunub. Bu tələbələr müxtəlif səbəblərdən universitetdən ayrılıblar. Onların bir qismi öz xahişi ilə, digərləri başqa ali məktəblərə köçürüldüyünə görə, bəziləri akademik məzuniyyət götürsə də, sonra qayıtmadıqlarına görə  universitetdən xaric olunublar. Təhsilhaqını ödəyə bilmədiyinə görə universitetdən uzaqlaşdırılanlar da var. Bu statistikaya vəfat edən tələbələr də daxildir. Elələri də var ki, bir ildir universitetə gəlib-getmir, tamamilə əlaqəsini kəsib və xaric olunublar. Bu tələbələr arasında öz xahişi ilə ərizəsini yazanlar, digər ali təhsil müəssisəsinə köçürülənlər,  akademik məzuniyyətə çıxıb qayıtmayanlar üstünlük təşkil edir”.

Qeyd edək ki, bu il ADNSU-nu 2026 tələbə bitirir. Bakalavr səviyyəsi üzrə məzunlarının sayı 1511, Magistr səviyyəsi üzrə məzunların sayı isə 515-dir.  Bakalavr üzrə 87, magistr üzrə isə 245 nəfər universiteti fərqlənmə ilə bitirir.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən verilən məlumata görə isə 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 9 nəfər xaric olunub. Onlar əsasən daxili nizam-intizam qaydalarını pozduğuna görə universitetdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetindən bu il 2 178 nəfər məzun olub.  Onların 1785-i universiteti bakalavr, 240 nəfəri isə magist pilləsi üzrə məzun olub. Bakalavr üzrə 16 nəfər, magistr üzrə isə 34 nəfər fərqlənmə diplomu ilə bitirir. Burada 13 xarici tələbə təhsil alır.

AzEdu.az bu statistikanı diqqətdə saxlayacaq və digər universitetlərin də xaric olunan tələbələri ilə bağlı statistikanı yaxın günlərdə təqdim edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları