Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 13:31:00
“WorldSkills” yarışlarına hazırlıq çərçivəsində 3D rəqəmsal oyun sənəti ixtisası üzrə təlimlərə başlanıldı

İyunun 15-dən avqustun 15-dək keçiriləcək “WorldSkills Asia” onlayn bacarıq yarışlarına hazırlıq çərçivəsində Finlandiyanın “Omnia Education Partnership” şirkəti tərəfindən 3D rəqəmsal oyun sənəti bacarıq istiqaməti üzrə beynəlxalq təlimlərə start verilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, martın 16-dan etibarən üç gün müddətində davam edən təlimlərdə “STEAM Azerbaijan” layihəsini təmsil edən beş mütəxəssisin iştirakı nəzərdə tutulub. Təlimlər “WorldSkills” standartları əsasında yarışların keçirilmə prosesi, o cümlədən texniki təsvir, infrastruktur və test tapşırığı sənədlərinin hazırlanması, virtual qiymətləndirmənin aparılması mövzularını əhatə edir.

 

Beynəlxalq yarışlarda “WorldSkills Azerbaijan” platformasının üç bacarıq istiqaməti üzrə iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Bu, bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir.