Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 11:01:00
Hərbi vətənpərvərlik mövzusunda vebinar keçiriləcək

“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda vebinar keçirilib.

 

AzEdu.az xəbər verir ki, vebinar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı və Binəqədi rayonundakı ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin iştirakı ilə təşkil edilib.

 

Vebinarda çıxış edən xidmətin idarə rəisi mayor Füzuli İsmayılov tədbirin məqsədi barədə ətraflı məlumat verib. Bildirib ki, cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığı ilə fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün mühüm təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.

 

Vebinarda gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin funksional vəzifə istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi ardıcıl fəaliyyətin nəticələri qeyd olunub. Çıxışda Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi gözləyən Böyük Qayıdış prosesi, sülhün əbədiliyi üçün Silahlı Qüvvələrin daimi təkmilləşdirilməsi baxımından müasir dövrün çağırışlarına uyğun olaraq çağırışaqədərki hazırlıq işlərinə xüsusi diqqət yetirilməsinin zəruriliyi əsaslandırılıb.

 

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Gənclər Fondunun tərəfdaş kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə bir sıra layihələr həyata keçirdiyini diqqətə çatdırıb. “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında təşkil olunmuş vebinarın əhəmiyyətini vurğulayıb.

 

BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin gənclərin çağırışaqədərki hazırlığı üzrə metodisti Mürsəl Qurbanov ümumi təhsil müəssisələrində məktəblilərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərdən bəhs edib. Çağırışaqədərki hazırlıq işinə verilən önəmi, həyata keçirilən tədbir və layihələri konkret faktlarla diqqətə çatdırıb. Qarşıdakı dövr üçün bu sahədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə daha fəal iş aparılacağını bildirib.

 

Vebinarda Binəqədi rayonu 157, 244 və 3 nömrəli məktəblərin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri Orxan Rəfiyev, Saleh Mirzəyev və Elgiz Səlimov çıxış edərək öz təcrübələrini bölüşüblər.

 

Diskussiya şəraitində keçən vebinarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.