Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 16:38:00
Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə platformada iştirak edir

Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasının görüşü keçirilib.
 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”ndən irəli gələn fəaliyyətlər sırasında nazirliyin qeyd olunan platformada iştirakı nəzərdə tutulub.
 

Onlayn formatda keçirilmiş görüşdə rəqəmsal texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin hamı üçün əlçatanlılığın təmin edilməsi və bu sahədə reallaşdırılan pilot layihələr barədə təqdimatlar edilib və ölkələr arasında müzakirələr aparılıb.
 

Görüşdə iştirak edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya dövründə tətbiq olunmuş “Virtual çəktəb” platforması haqqında məlumat verib və post-pandemiya dövründə aktiv istifadəçi sayı 1 milyonu keçən onlayn mühitin yeni istifadə imkanlarını müzakirə edib.
 

Görüş zamanı gələcək üçün lazım olan iş və bacarıqların transformasiyası, gələcək tələbələrin formalaşdırılması və məsafədən tədrisdə müəllimlərin yeni rolu, təhsil sistemində bərabərliyin təmin edilməsi üzrə hökumətlər tərəfindən istifadə olunan data və analitik alətlər əsas müzakirə mövzuları olub. Bununla yanaşı, tədbirdə süni intellekt, kompüter elmlərinin tədrisində yeni yanaşmalar, müəllimlərin peşəkar inkişaf proqramları, təhsilin idarəolunmasında informasiya sistemləri üzrə pilot layihələrin təqdim olunduğu sessiyalar keçirilib.