Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 11:25:00
Koreyalı mütəxəssislərin iştirakı ilə təlimlərə başlanılıb  

Azərbaycan və Koreya Hökumətləri arasında həyata keçirilən “Müəllimlərin Potensialının Artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təlimlər təşkil olunur.

 

AzEdu.az xəbər verir ki, təlim proqramında iştirak üçün koreyalı mütəxəssislər tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən təhsil işçiləri üçün müsahibələr keçirilib və nəticədə 35 nəfər təlimlərdə iştirak hüququ qazanıb. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaqdır.

 

İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və  təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, video dərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələnirlər. Təlim proqramını uğurla bitirən və beynəlxalq sertifikat əldə edən təhsil işçiləri təlimdə qazanılan biliklər əsasında elektron məzmunların yaradılmasında iştirak edəcəklər. Daha sonra hazırlanmış elektron məzmunların video çəkilişi məqsədilə studiyanın qurulması nəzərdə tutulur.

 

Qeyd edək ki, sözügedən təlimlər Təhsil İnstitutu və  Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə həyata keçirilir.