Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 14:54:38
“Bu addım gənc professorların məsuliyyətini daha da artıracaq” – AMEA-nın vitse-prezidenti AzEdu.az-a danışdı

“Professorlar fərdi şəkildə fəaliyyət göstərsələr, bəlkə də onların gücü lazımi qədər olmayacaq.  Amma ümumi  koordinasiya şurası olarsa, onlar digər gənc təşkilatlarla əlaqə saxlaya bilərlər. Onların əksəriyyəti gənclərdir, enerji və işləmə həvəsləri çoxdur. Bu şuranın yaradılması çox əhəmiyyətlidir”.

Bu sözləri AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova AMEA-nın Rəyasət Heyətinin son iclasında koordinasiya şurasının yaradılması  qərara haqqında danışarkən deyib. O, professorların koordinasiya şurasının mahiyyətinə aydınlıq gətirib:

 “Akif müəllimin professorlar üçün koordinasiya şurasının yaradılması fikri əslində, çox düzgündür. Çünki biz alimlərə akademiyanın professoru elmi adını verdik, yadımdadır, o komissiyanın rəhbəri mən idim. Onlar 50 yaşa qədər olan professorların içindən seçilmişdilər. Elmimizin gələcəyi üçün bu gün orta yaşlı  alimlərə çox ehtiyac var. Amma professor adı onlara yalnız ad olaraq verilmədi. Bu adın qarşılığında AMEA onlardan müəyyən işlərin görülməsi, elmi yükün daşınmasını istəyir. Koordinasiya şurasının yaradılmasının mahiyyəti də əslində elə budur. O, bu işə xidmət edəcək”.

Akademik həm də bu şuranın yaradılmasının faydalarını izah edib:

“Birinci növbədə gənc professorların məsuliyyəti artacaq. Çünki Ali Attestasiya Komissiyasından fərqli olaraq, onlar AMEA-nın professoru adını daşıyırlar. Çox gənc yaşında bu adı alıblar. Nəzərinizə çatdırım ki, bu adı qazanmaq üçün beş kadr hazırlamaq, dərs yükü aparmaq lazımdır. Bu insanların bir hissəsi həmin proseslər olmadan professor adını alıblar. Ona görə də onlar məsuliyyyəti dərk etməli, Akademiyanın inkişafına dəstək olmalı, müəyyən yeniliklərin həyata keçirilməsində iştirak etməlidirlər. Tək fəaliyyət göstərsələr, bəlkə də onların gücü lazımi qədər olmayacaq.  Amma ümumi koordinasiya şurası olarsa, onlar digər gənc təşkilatlarla əlaqə saxlaya bilərlər.Onların əksəriyyəti gənclərdir, enerji və işləmə həvəsləri çoxdur. Bu şuranın yaradılması çox əhəmiyyətlidir”.

O, akademiyadakı gənc professorların fəaliyyətindən söz açıb:

“Sabah bizim iclasımız var. Həmin gənc professorlardan birini oraya  büro üzvü təyin etmişik. Bu, əhəmiyyətli hadisədir. Adətən, bura akademiyanın üzvləri seçilirlər. Hər kəsi seçmirlər. Büro üzvü olmaq üçün müəyyən elmi yükün olmalıdır. Biz gənc professoru büro üzvü seçməklə onun məsuliyyətini bir az da artırmış oluruq.

Akif müəllimin çıxışında onların maddi təminatı məsələsi də yer alırdı. Professorlar üçün müəyyən alavə vəsaitin verilməsi də onlarda məsuliyyət hissini artıracaq.  Düşünürəm ki, şuranın yaradılması yaxşı fikirdir. Məncə, ayrı-ayrı sahələrdə olan gənc professorların səylərinin birləşdirilməsi böyük bir elmi problemin həllinə də imkan yaradacaq. Belə  bir şuranın yaradılmasını yalnız alqışlamaq  olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları