Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 10:19:00
İşəqəbul imtahanlarında müəllimlərin bilmədikləri məsələlər –İzahlar və cavablar AzEdu.az-da  

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının avqustun 1-dək yekunlaşacağı gözlənilir.

AzEdu.az MİQ imtahanında müəllimlərdə sual doğuran məsələlərə aydınlıq gətirir. Bu barədə sosial şəbəkələrdə aktiv olan müəllim Aynurə Bağırova məlumat verib. O, bunun üçün müəllimlərə lazım olacaq sənədlərə aydınlıq gətirib:

“Müəllimlərin İşə Qəbul imtahanının qeydiyyat mərhələsi iyulun 2-dən 8-nə qədər həyata keçiriləcək. Yaranacaq problemləri nəzərə alaraq vaxtında qeydiyyatdan keçməyiniz məsləhətdir. Qeydiyyatı son günlərə və saatlara saxlamaq düzgün deyil;

DQ balı ilə qeydiyyat keçmək olmur. İmtahanda yalnız keçən il MİQ imtahanında topladığınız balla iştirak edə bilərsiniz. Müəllimlərin işə qəbulu imtahanında ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisas üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi-diplom almış şəxslər iştirak edə bilər. Pedaqoji təhsilin son pilləsində olan tələbələr isə oxuduğu təhsil müəssisəsindən diplomu əvəz edən arayış almalıdırlar. Həmçinin,  müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırki iş yerlərindən çıxmadan imtahanda iştirak edə bilərlər. Onlar imtahanda uğur qazanmadıqları təqdirdə yenə də əvvəlki iş yerlərində pedaqoji fəaliyyətlərini davam etdirirlər. Müddətsiz müqaviləlilər üçün imtahanda iştirak etməyin heç bir mənfi cəhəti yoxdur”.

O, qeydiyyat zamanı şəxsi səhifədə qeyd olunacaq məlumatları dəqiqliyinədək izah edib:

“Qeydiyyatdan keçmək üçün miq.edu.az saytına daxil olub, şəxsi məlumatlarınızı təsdiqləyin. Bu məlumatları təsdiqləmək üçün sizə şəxsiyyət vəsiqəsi və diplom lazım olacaq. Qeydiyyatı uğurla tamamlayan hər bir namizədin şəxsi səhifəsi yaranır. Şəxsi səhifəyə daxil olmaq üçün sizə təqdim edilən iş nömrəsi və fin kodu unutmayın. Fin kod şəxsiyyət vəsiqəsinin aşağı sağ küncündə olan 7 rəqəm və hərf qarışığıdır. Qeydiyyatın birinci mərhələsində göstərilən bəndlərdən ilk dəfə imtahanda iştirak etmək istəyənlər “imtahan mərhələsi üçün qeydiyyat”,  2017-ci ilin MİQ balı ilə iştirak etmək istəyən isə həmin bölməni seçir. Hər bir müəllim diplomunda yazılan ixtisası qeyd etməlidir. Namizədin şəxsi səhifəsində göstərilən balın görünməsi təbiidir. Yəni, əgər,  keçən il MİQ imtahanında iştirak etmisinizsə, bu balla seçim etməsəniz belə səhifənin aşağı hissəsində bu bal yenə də görünəcək. Ərizədə qeydiyyata başlayan kimi imtahan mərhələsi üçün qeydiyyatı seçdiyiniz üçün heç bir problem olmayacaq. Yalnız MİQ 2017-ci ilin balı ilə qeydiyyatdan keçənlərin balının qarşısındakı seçim yazılan dairə qaralanmış olacaq. Qeydiyyat zamanı hər hansı bir səhv etməmək üçün ən son mərhələdə bütün məlumatlarınız yığılmış formada sizə təqdim olunur. Təsdiqləmədən öncə doğruluğuna əmin olmadığınız bir hissə varsa, əvvəlki səhifəyə qayıdaraq dəyişə bilərsiniz. Təsdiqlənmiş ərizədə təəssüf ki, düzəliş etmək olmur. Əvvəlcə ərizəniz baxılma mərhələsindədir yazılır, daha sonra təsdiq olunub sözü ilə əvəz olunur. Diplomun seriya nömrəsini yazarkən yanlız rəqəmləri yazmaq kifayətdir. Faktiki yaşadığınız ünvan sizin hal-hazırda yaşadığınız ünvan hesab olunur. Əgər şəxsiyyət vəsiqənizdəki qeyd olunmuş ünvanda yaşayırsınızsa, həmin ünvanı yaza bilərsiniz. O ünvan deyilsə, yaşadığınız kənd, rayon şəhər olmaqla qeyd edirsiniz. Qeydiyyat bitdikdən sonra şəxsi səhifəyə imtahanın keçirilmə yeri, saatı və tarixi göndəriləcək”.

MİQ imtahanı zamanı səhv cavablar doğru cavabların sayına təsir etmir:

 “Göstərilən tarixdə və saatda imtahan yerində olmaq vacibdir. İmtahana gedərkən şəxsiyyət vəsiqənizi aparmaq mütləqdir. Kompüterə vəsiqənin seriya nömrəsini yazmaqla suallarla tanış olacaqsınız. İmtahan 90 dəq müddətində keçirilir və namizədlərə 60 sual təqdim olunur. 60 sualdan 40-ı ixtisas, 10 təlim strategiyaları və metodika, 10 sual isə məntiqə aiddir. Səhv cavablar doğru cavabların sayına təsir etmir. Kompüterdə istədiyiniz sualdan başlaya bilərsiniz. İmtahanda bütün sualları cavablandırdıqdan sonra yenə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil etməklə imtahanı bitirirsiniz”.

O, işə qəbulun müsahibə mərhələsi ilə bağlı qaranlıq məqamlara da aydınlıq gətirib:

“Keçid balı müsabiqə iştirakçılarının ümumi orta statistik göstəricilərinə görə müəyyən olunur. Vakant yer seçimi mərhələsində Bakı şəhəri və rayonlar üzrə təqdim olunan vakant yerlərdən 8 yer seçmək hüququnuz var. Balınıza uyğun yer seçərkən həmin vakant yerin qarşısında bu yeri seçmiş digər namizədlərin də balını görəcəksiniz.

Vakant yeri tutmaq hüququ qazanmış şəxslər müsahibəyə dəvət olunur və bu mərhələdə sizin psixoloji hazırlıq, dünyagörüş səviyyəniz yoxlanılır. Müsahibə mərhələsinə hamının getməyi vacibdir. Müddətsiz müqavilə ilə işləyib, imtahandan yerdəyişmə kimi istifadə edən müəllimlər də müsahibəyə dəvət olunur. Çünki sənədləri dəqiqləşdirmək və həmin yerə gedib-getməyəcəyi haqqında məlumat alınır. Bu suallara müsbət cavab verən şəxslərin şəxsi səhifələrinə məlumat göndərilir. Məlumatda qəbul olduqları məktəbdə qeydiyyatdan keçəcəkləri tarix göstərilir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları