Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 16:18:00
“Şagirdim məni qəbul emtək istəmirdi” - Ucqar kənd müəllimlərinə birmənalı olmayan münasibət  

İşə Qəbul imtahanının nəticələrinə görə müəllimlər topladıqları bala uyğun olaraq vakant yerlərə təyin olunurlar. Universiteti yeni bitirən və MİQ imtahanının nəticələri əsasında hansısa  orta məktəbdə işə başlayan gənc müəllimlər isə əksər hallarda şagirdlərin etinasızlıqlar ilə üzləşirlər. Məktəblilər yeni işə başlayan müəllimlərdə yaşlı kadrların zəhmini görmür və məsuliyyət hiss etmirlər.

AzEdu.az bu problemləri nəzərə alaraq gənc müəllimlər arasında onların ilk iş təcrübəsi ilə bağlı sorğu keçirib.

Gədəbəy rayonunda coğrafiya müəllimi kimi çalışan Tural  Topçuyev şagirdlərin yeni müəllimə münasibətində məktəb direktoru təqdimatının da rol oynadığını deyib:

“Əlbəttə belə hallarla hər kəs rastlaşa bilər. Məktəbə gənc müəllim yeni gəldikdə onu qəbul edən də olur, etməyən də. Mən işə yeni başlayanda uşaqların reaksiyasını hiss edirdim. Onların gözləntiləri var idi, məktəbə yeni müəllim gəlmişdi.

Burada məktəb rəhbərliyinin təqdimatı da böyük rol oynayır. Hər şey onun müəllimi uşaqlara necə təqdim etməsindən asılıdır. Bu, həm də böyük psixoloji təsirdir. Sözsüz ki, qəbul etməyən uşaqlar da çox olur. Mənim də bir nəfər belə şagirdim var idi. Görürdüm ki, o, məni yaxşı qəbul etmək istəmir. Elə kollektivdə də qısqanclıq olur. Bu, normal haldır və həmişə olur”.

O, həmçinin şagirdlərin bu münasibətinə qarşılıq olaraq yaşlı müəllimlərin təcrübəsindən yararlanmaq məsələsinə də aydınlıq gətirib:

“Hər kəsə müəllim adını yaraşdırmaq olmaz. Müəyyən dönəmlərdə kimlərsə gəlib məktəblərdə yerləşiblər. Mənim bu gün özümə örnək saydığım  yaşlı müəllimlər var. Elə müəllim  olmaq lazımdır ki, yalnız məktəbdə deyil, bütün rayonda seviləsən.  Mən  bu gün yaşlı müəllimlərin də təcrübəsindən istifadə edirəm. Onların cəmiyyətdə davranış təcrübəsi kifayət edir. Yaşlı müəllimlərin təcrübəsindən yararlanmaq lazımdır. Amma hər müəllim eyni  zamanda da özü olmalıdır ki, gələcəkdə davranışlarını qarşılaşdırdıqda deməsinlər ki, kiməsə baxıb hərəkət edir. Hərənin öz yolu olmalıdır”.

Ağsu rayonu Kalva kəndində fransız dili müəllimi kimi çalışan Nilufər Müslümova  isə yeni işə başlayanda üzləşdiyi çətinliklərdən danışıb:

“Mən yeni fəaliyyətə başlayanda, əksinə, çox isti münasibətlə qarşılaşmışam. Heç özüm də bunu gözləmirdim. İxtisasım fransız dilidir. Bu fənnin məktəbdə əvvəldən tədris olunmaması məni qorxudurdu. Fransız dili çətin dil kimi qəbul olunub. Nədənsə hamıda bu fikir formalaşıb. Qorxurdum ki, fənn onlara çətin gələr və ya şagirdlər məni qəbul etməzlər. Amma gözlədiyimin əksi ilə rastlaşanda çox sevindim. Hətta uşaqların xarici dilə də sevgisi yarandı. Gələn ildən attestat almaq üçün xarici dildən də imtahan verəcəklər. Burada başqa xarici dil keçirildi. Amma artıq şagirdlərin çoxu seçimini fransız dilindən edib. Bilmirəm, fənni çox sevdiklərinə görə məni rahat qəbul etdilər, ya əksinə oldu. İşə başlayanadək bu məni həyəcanlandırırdı ki, birdən yeni kollektivdə qəbul olunmaram. Çünki şagirdlər əvvəldən öz müəllimlərinə öyrəşiblər, yeni birini qəbul etməyə bilərdilər”.

Yardımlıda tarix-coğrafiya müəllimi kimi fəaliyyət göstərən Posu Mansırlı işə başladığı ilk illərdə şagirdlərin hədsiz marağına səbəb olduğunu vurğulayıb:

“Bəlkə də ucqar kənddə fəaliyyətə başladığım üçün ilk dərs günləri şagirdlər tərəfindən böyük maraqla qarşılandım. Şagirdlər digər dərslərə nisbətən mənim dərsimə daha maraqla yanaşırdılar. Onlar özlərini daha fəal, daha çalışqan göstərmək istəyirdilər.

Təbii ki, yaşlı müəllimlərin də təcrübəsindən istifadə etmək lazımdır. Gənc müəllimin bilik və bacarığı yaşlı müəllimə nisbətən çox da ola bilər. Amma yaşlı müəllimlərin təcrübəsi çox olduğundan hər zaman onlarla məsləhətləşmək lazımdır”.

Daşkəsəndə müəllim kimi çalışan Gülnar İsmayılova yeni işə başlayanda şagirdlərdə əvvəlki müəllimlərin qalıqlarını gördüyünü deyib:

“Məncə şagirdlər onlara yaşlı müəllimlərin dərs deməsini istəmirlər. Mən işə yeni başlayanda onlarda sanki əvvəlki müəllimlərin qalıqlarını görürdüm. Qorxur, söz deməyə çəkinirdilər. Amma sonradan öyrəşdilər və mənim etdiyim kimi rəftar etməyə başladılar. Şagirdlər əvvəl başqa ortamda olmuşdular. Yeni mühitə çox sevinirdilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları