Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-15 14:16:00
BMU-da Himayəçilər Şurasının iclası keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə baş tutan iclasda Şuranın üzvləri - Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Fizika İnstitutunun direktoru Arif Həşimov, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə, “SAP Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov və universitetin müəllim-professor heyəti iştirak edib.

 

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini İdris İsayev torpaqlarımızın işğaldan azad edilməsinin 200 illik tariximizin ən mühüm hadisəsi olduğunu vurğulayıb. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpa olunduğunu, qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm qələbə əldə edildiyini qeyd edən nazir müavini əlavə edib ki, bununla da bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidenti və Ordusunun gücünün bir daha əyani şahidi oldu. İdris İsayev çıxışında 2020-ci ildə ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan da danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən tədbirlərə toxunub.

 

İdris İsayev Himayəçilər Şurasının ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə fəaliyyət göstərən idarəetmə orqanı olduğunu və iclasın gündəliyinin “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”sinə uyğun tərtib edildiyini bildirib.

 

Daha sonra çıxış edən BMU-nun rektoru Havar Məmmədov hesabat məruzəsində universitetin fəaliyyət istiqamətlərinə toxunub və 2020-2021-ci tədris ilində BMU-ya tələbə qəbulu üzrə yüksək göstəricilərin qeydə alındığını diqqətə çatdırıb. Rektor ötən il universitetə yeni və innovativ ixtisaslar üzrə tələbə qəbulunun həyata keçirildiyini, distant təhsilin əhatə dairəsinin genişləndirilməsi və təhsildə keyfiyyətin artırılması sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyətə başladığını bildirib. BMU-da elmi araşdırmaların sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edən Havar Məmmədov universitetin beynəlxalq əlaqələrindən də söz açıb və bildirib ki, 6 ölkənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanıb, eyni zamanda Koreyanın İnha Universiteti ilə ikili diplom proqramı icra edilir. Sosial və ictimai fəaliyyətlərdən söz açan rektor ötən il universitetdə tələbərlə aktiv iş aparıldığını, onların narahat edən problemlərə həssaslıqla yanaşıldığını  qeyd edib.

 

İclas universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanovun Strateji İnkişaf Proqramının 2020-ci ildəki icra vəziyyəti barədə təqdimatı ilə davam edib.

 

Sonra BMU-nun baş mühasibi Samir Musayevin, Audit Komitəsinin üzvü Elçin Əhmədovun 2020-ci ili əhatə edən hesabatları dinlənilib.

 

Gündəlikdəki məsələlərlə bağlı Şuranın üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər. Strateji İnkişaf Proqramından irəli gələn vəzifələr ətraflı şəkildə müzakirə olunub, gələcək fəaliyyətlə bağlı müvafiq vəzifələr müəyyənləşdirilib.

 

İclasda gündəlikdəki məsələlər səsə qoyularaq təsdiq olunub. 

 

Sonda Himayəçilər Şurasının cari il üzrə iş planı qəbul edilib.