Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 17:35:00
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının qalibləri ilə onlayn görüş keçirildi  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.

 

Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə,  BŞTİ-nin müdiri Mehriban Vəliyeva müsabiqə iştirakçılarını təbrik edib, dünya şöhrətli azərbaycanlı alimin elmin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Görkəmli alim elm aləmində ən çox qeyri-səlis məntiq nəzəriyyəsi ilə tanınır və bu gün Lütfi Zadənin altı mühüm nəzəriyyəsi elm və istehsalatda geniş şəkildə tətbiq olunur.

 

İdarə müdiri istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının təşkilinin əhəmiyyətindən bəhs edib.


Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək baxımından bu kimi olimpiadaların keçirilməsini yüksək dəyərləndirib.

 

Daha sonra görkəmli alim Lütfi Zadədən və Məktəblilərarası V Məntiq Olimpiadasından bəhs edən videoçarxlar nümayiş olunub.

 

Görüş ədəbi-bədii kompozisiyalarla davam edib.

 

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar hazırlanmış xüsusi proqram təminatı vasitəsilə onlayn qaydada təşkil edilən olimpiadanın final mərhələsində paytaxtın ümumi təhsil məktəbləri üzrə 204 məktəbli iştirak edib.

Finalda 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi olub.

 

Olimpiada qalibləri BŞTİ tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Finalda iştirak edib yer qazana bilməyən şagirdlərə isə iştirakçı sertifikatı təqdim ediləcək.

 

Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının qalibləri fevralın 3-də görkəmli elm xadimi, dünyaşöhrətli alim Lütfi Zadənin qəbirüstü abidəsini ziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.