Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 15:51:00
3 yaşlı institutun rektoru: “Əksər müəllimlərimiz ərəb və ingilis dilində mühazirə keçirlər” - MÜSAHİBƏ   

 

 

Din mənəvi dəyərdir. Ölkə başçısının sərəncamına müvafiq olaraq  Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi, dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət - ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından hər cür alqışa və təqdirə layiq olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. 

 

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 3 il ötür. İnstitut Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tebeliyində yaradılıb.

 

AzEdu.az ildönümü qeyd edilən institutun rektoru Aqil Şirinovla olan müsahibəni təqdim edir:

 

-Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan təhsilində hansı boşluğu doldurdu?

 

-Dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət edir. Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca bir təhsil müəssisəsinə ehtiyac vardı. Bundan irəli gələrək Azərbayvan İlahiyyat İnstitutu prezident İlham Əliyevin göstərişi ilə 3 il bundan öncə yaradıldı. Bu, təhsilimizdə böyük bir boşluğu doldurdu. İnstitutda həm savadlı dinşünaslar, həm də islamşünaslar yetişir. Gələcəkdə digər dinlərlə əlaqadar mütəxəssislər hazırlamağı düşünürük. Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr keçir.

 

-2020-ci ilin mart ayından ölkəmizdə təhsil distant formada davam etdirilir. İnstitutda proses necə həyata keçirildi? Hansı nəzarət mexanizmi tətbiq olundu?

 

-2020-ci ilin mart ayından əyani tədris distant təhsillə əvəzləndi. İnstitut dərsləri video formatda keçməyə başladı. Daha sonra Təhsil Nazirliyi Microsoft Teams proqramı təqdim etdi, dərslər bu platformadan keçilməyə başlandı. Ali təhsil müəssisələri sırasında həmin proqramı tez mənimsəyib tətbiq edənlərdən biri məhz İlahiyyat İnstitutu oldu. Dərslər cədvəllərə uyğun onlayn formada davam etdirildi. İnstitutun müəllim kollektivi əsasən gənclərdən ibarətdir və onların texnologiyaya hakimliyi prosesi ləngitmədi. Əlbəttə ki, üz-üzə təhsil daha avantajlıdır, lakin mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. İnstitut tərəfindən onlayn dərslərə nəzarət mexanizmi də yaradılıb. Bunun  üçün kafedra müdirləri dərslərə qoşulur. Həmçinin tələbələrin təhsil problemləri ilə mütəmadi maraqlandıq, görüşlər keçirdik, təkliflərini dinlədik. İlahiyyat İnstitutu bu semestri də uğurla başa vurdu.

 

İmtahan prosesinə gəlincə isə...

 

-İmtahanlar fevralın 5-də yekunlaşdı. Lakin apellyasiya ilə bağlı müraciətlər hələ tam başa çatmayıb. İmtahanlarda tələbələrə müəyyən güzəştlər olundu. Qaib səbəbindən imtahana buraxılmayan tələbələrə də prosesdə iştirak imkanı verdik. Bizim üçün əsas meyar biliyin ölçülməsidir. Müvafiq balı toplaya bilən tələbələr imtahandan uğurla keçdilər.

 

Azərbaycan İlahiyyat İnstitutunu dünyaca məşhur təhsil mərkəzinə çevirmək üçün hansı işlər görülür?

 

- Ölkədə din təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan institutumuz qısa zamanda bir sıra nailiyyətlər də əldə edib. İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir. Bu istiqamətdə müəyyən işlər görülüb və proses davam etdirilir. Bir çox xarici universitetlərlə tələbə-müəllim mübadiləsi ilə bağlı müqavilələrimiz mövcuddur. Pandemiya bitdikdən sonra həmin mübadilələri birbaşa həyata keçirməyi düşünürük. Bunun əsas məqsədi qabaqcıl universitetlərin təcrübəsini öyrənmək, həmçinin tətbiq etməkdir. Eyni zamanda bizim instituta gələcək xarici mütəxəssislərə də yeniliklərimizi, praktiki fəaliyyətimizi göstərəcəyik. Müəllimlərimizin bir neçə dildə danışa bilməsi bu prosesin aparılmasında bizə köməklik edəcək.

 

Rektor söhbət əsnasında abituriyentlərin institut seçimindən də danışır:

 

-Tələbə hansı ali təhsil müəssisəsinə qəbul olunacağını özü müəyyənləşdirməli və seçim etməlidir. Dinlə maraqlanan, tədqiq edib mütəxəssis kimi yetişmək istəyən bütün abituriyentləri İlahiyyat İnstitutunda təhsil almağa dəvət edirəm. İnstitutda ingilis və ərəb dili başda olmaqla, müxtəlif dillər tədris olunur. Növbəti illərdə tələbələrimizin br qismini xarici universitetlərə göndərəcəyik.

 

AzEdu.az kollektivi olaraq institutun rektorunu, müəllim və tələbə heyətini ürəkdən təbrik edirik. Ümid edirik ki, institut ilahiyyat sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından birinə çevriləcək

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları