Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 16:43:00
Bərpa olunan dərslər, vacib tədris və imtahan yenilikləri – Təhsil icmalı

 

 AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 1-7 fevralda təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

1 fevraldan  ənənəvi tədris qismən bərpa olunur

 

1 fevraldan məktəbəhazırlıq qruplarında, icma əsaslı məktəbəqədər təhsil qruplarında və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi qaydada qismən bərpa olunur.

 

Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

 

Məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

 

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

 

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur

 

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq yenidən bərpa edilir.

 

Ali məktəblərə builki qəbul qaydaları açıqlanıb

 

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib.

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

 

Cari ilin məzunları buraxılış imtahanında iştirak üçün qeydiyyatdan keçməyəcək

 

2021 ali məktəblərə ərizə qəbulu mart ayında aparılması nəzərdə tutulur.

 

Cari ilin məzunları buraxılış imtahanında iştirak üçün qeydiyyatdan keçmirlər. Məlumatlar məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil olunur.

 

Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçirilməyəcək

 

“Valideynlərin övladlarını məktəbdə əyani təhsilə cəlb olunub-olunmaması ilə bağlı hüquqları V-IX sinifdə təhsil alanlara da şamil olunacaq. Bunun üçün xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır. Ancaq əyani şəkildə keçirilən dərslər həmin şagirdlərə tədris olunmayacaq”.

 

Bu fikirləri  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

 

Nazirlik: Əsas fənlər əyani, digər fənlər onlayn qaydada tədris olunacaq

 

“Fevralın 15-dən Bakı, Abşeron və Sumqayıt şəhərlərində V-IX siniflərdə əyani tədris həftədə iki dəfə olmaqla bərpa ediləcək. Bununla bağlı tədris planları müəyyən olunaraq yerlərə göndərilib”.

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

 

Tələbə yalnız bu halda köçürülmə zamanı ödənişsiz təhsil ala bilər

 

“Tələbə əgər ödənişli əsaslarla təhsil alırsa, bu zaman ödənişli əsaslarla da köçürülür. Onun köçürüldüyü universitetdə ödənişsiz oxumaq kimi bir şansı yoxdur.”

 

Bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova "Tələbələrin köçürülməsi prosesi" mövzusunda canlı yayımda bildirib. O qeyd edib ki, tələbə yalnız bir neçə halda köçürülmə zamanı ödənişsiz təhsil ala bilər.

 

DİM tərəfindən qabiliyyət imtahanlarının keçirilməsi düşünülür

 

“Valideyn təlim-tədris prosesində iştirak edib öz töhfəsini verməlidir. Onlayn tədris valideynləri tədris prosesinə cəlb olunub”.

 

Bunu DİM-in sektor müdiri Xanlar Xanlarzadə Report.az-ın canlı yayımı zamanı bildirib. O, qabiliyyət imtahanlarından da danışıb:

 

“DİM qabiliyyət imtahanlarını keçirməyi düşünür. Lakin yaya qədər pandemiyanın hansı formada irəliləyəcəyini bilmirik. Ötən il bəzi ixtisaslarda təmamilə qabiliyyət imtahanları ləğv edildi, test imtahanının cavablarına baxıldı”.

 

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək  

 

Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

 

Dəyişikliklə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

 

 

 

Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq

 

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.

 

Məktəblərdə kiçik summativ qiymətləndirilmə dayandırılır

 

"Kiçik summativ qiymətləndirilmənin hələlik dayandırılmasını tövsiyə edirik".

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları