Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 13:05:00
XXI əsrin tələblərinə uyğun təhsil  

 

Milli prioritetlərdə təhsil sahəsində strateji hədəflər müəyyən olunur

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in  təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi mərhələsini yaşamaqdadır. Bununla belə, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

 

Sənəddə qeyd olunur ki, bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır: 1.XXI əsrin tələblərinə uyğun təhsil; 2.Yaradıcı və innovativ cəmiyyət; 3.Vətəndaşların sağlam həyat tərzi.

 

Sərəncamla yaxın 10 il ərzində XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması istiqamətində  strateji hədəflər müəyyən olunur. Sənəddə xüsusilə qeyd olunur ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.

 

Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.

 

Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalı, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.

 

Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlılığı təmin olunmalıdır.  (Azərbaycan müəllimi)