Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 09:38:00
AzTU-nun təşkililatçılığı ilə “Söz dünyasının hakimi”  mövzusunda elmi-praktik seminar keçirilib - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə "Nizami Gəncəvi İli" çərçivəsində “Söz dünyasının hakimi”  mövzusunda elmi-praktik onlayn seminar keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun,  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları iştirak edib.

 

Onlayn seminarda çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsini ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin adlı-sanlı simalarının tanıdılması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xəttin məntiqi davamı kimi səciyyələndirib və bu hadisəni həm də dövlət başçısının tariximizə, mədəniyyətimizə və ədəbiyyatımıza, görkəmli ədəbi-tarixi şəxsiyyətlərimizə xüsusi diqqət və qayğısının əməli ifadəsi olduğunu  vurğulayıb. O, Sərəncamın dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini bildirib, həm də  milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin keçirilməsinin AzTU-da artıq ənənəyə çevrildiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.  Azərbaycançılıq ideyalarının təbliği və təşviqi məsələlərini özündə ehtiva edən bu seminarı da çox əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndirib.

 

Daha sonar seminar məruzələrlə davam edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, fil.e.d., professor Buludxan Xəlilovun "Nizami Gəncəvinin tūrkçūlūk görūşləri",  Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, fil.e.d. Sevinc Əliyevanın ““Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam və bu istiqamətdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin qarşısında duran vəzifələr”, UNEC-in Azərbaycan dili kafedrasının dosenti Aynur Qədimaliyevanın “Azərbaycan şairi Nizami və M.Ə.Rəsulzadə”,  AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, dosent Nəzakət Məmmədlinin “Şeyx Nizami Gəncəvinin təsəvvüfi görüşləri”, AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Həbib Mirzəyevin  “Nizami Gəncəvinin pedaqoji görüşləri” mövzusunda məruzələri dinlənilib.

 

Məruzələr ətrafında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunda Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, dosent Mətanət Xudiyeva çıxış edib.

 

Seminarda dahi Nizaminin qəzəlləri və sözlərinə bəstələnmiş musiqi nömrələri səsləndirilib.

 

Sonda alimlər seminar iştirakçılarının suallarını cavablandırıb.