Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 11:48:00
Ənənəvi tədrisin tam bərpası çoxlarının arzusudur-Nadir İsrafilov

 

“Situasiyanın mənfi, yaxud müsbət istiqmətdə davam edəcəyi bizim iradəmizdən asılı deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, tədrisin hibrit formada başlamasına münasibət bildirib:

 

“Tezliklə ənənəvi tədrisin tam bərpası çoxlarının arzusudur. Əyani təhsilə qismən başladığımız ilk dərs günü kiçik məktəblilər, onların müəllimləri və valideynlərinin simalarında olan sevinc hissini sosial şəbəkələrdə paylaşılan fotolardan da görüldü. Düzdür, qismən ənənəvi dərslərə başlanmasından sonrakı bir neçə gündə bu kimi müqayisələr və mübahisələrin nəzərəçarpacaq dərəcədə səngiməsi müşahidə olunur. Bununla belə bir də xatırlatmaq yerinə düşər ki, hələ ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. Yəni, bu qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər.

 

Digər bir məsələ də ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. Nazirin də son açıqlamalarında birmənalı şəkildə qeyd edilib ki, 1 fevraldan etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilir: "Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir. Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcək".

 

 

Nadir İsrafilov qeyd edir ki, ən vacib məsələ insanların qaydalara əməl etməsidir:

“Bu gün bizim üçün əsas olan odur ki, cəmiyyət anlaşıq göstərərək, yeni şəraiti və yeni qaydaları obyektiv qiymətləndirsin, yranmış çətinliklərlə təkcə biz deyil, dünyanın bütün ölkələrinin üzləşdiyini dərk etsinlər. Ölkə başçısının da vurğuladığı kimi “pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, bu bir il ərzində prosesi nəzarətdə saxlamağı bacardı.Beynəlxalq təşkilatlar, ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir.” Onu da qiymətləndirməmək olmaz ki, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlətimiz və əlaqədar qurumlar tərəfindən bütün mümkün ola biləcək imkanlardan maksimum dərəcədə istifadə olunub. Minlərlə teledərs şagirdlərə təqdim edilib, onlara milyonlarla baxış olub. Ayrı-ayrı layihələr və platformalar üzrə aktiv istifadəçilərin sayı artıq milyonlarla ölçülür. Qərarların qəbul olunması zamanı aşkarlıq və şəffaflıq təmin olunur, əlaqədar qurumlarla müvafiq məsləhətləşmələr aparılır, ümumi ictimai rəy nəzərə alınır, müəyyən məsələlərə yanaşmada könüllülük prinsipinə yol verilir. Ən başlıcası isə, yaranmış vəziyyətlə əlaqədar bütün atılan addımlar əsasən maraqlı tərəflərin mənafeyinin mümkün dərəcədə nəzərə alınmasına yönəldilib.

 

Bu gün biz təhsilin mövcud durumu ilə bağlı məsafəli və ya ənənəvi təhsilin keyfiyyətini müqayisə və mübahisələndirmək əvəzinə, daha çox işğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik. Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaət göstərərək mənfur düşmənə qarşı vuruşmuşlar, 700-dək təhsil işçisi böyük qəhrəmanlıq nümunəsi göstərib. 20 nəfər təhsil işçimiz şəhid olub”.

Sədr müavini təhsil işçilərinin üstünə düşən yükdən söz açıb:

 

“Müəllimlərimiz üç cəbhədə mübarizə apab, həm vətənpərvər gənclər yetişdirmək, həm koronavirusla əsgər kimi döyüşmək, həm də vətənin müdafiəsində iştirak edmək missiyasını yerinə yetirib. Situasiyanın mənfi, yaxud müsbət istiqmətdə davam edəcəyi bizim iradəmizdən asılı deyil. Belə halda vəziyyəti arzu və istəklərimiz deyil,pandemiyanın inkişaf dinamikası diktə edir. Hər halda, dərslərin başlanmasının ilk iki həftəsi məsələyə müəyyən aydınlıq gətirə bilər. Yəni, proseslərin gedişi ilə əlaqədar sərt karantin rejiminin yenidən tətbiqi və ya reimin daha da yumşaldılması ən yaxşı halda müddətin uzadılması, ən pis halda isə əyani dərslərin təxirə salınması ilə nəticələnməsindən asılı olaraq vəziyyət yenidən qiymətləndirilə bilər. Buna görə də, təhsilin bərpasından sonra nə kimi hallarla qarşılaşacağımız barədə subyektiv mülahizələr irəli sürməklə hadisələri qabaqlamaq, maraqlı tərəflər arasında çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Təhsil dövlətimiz üçün hər zaman prioritet sahə olub.

 

Ümid edək ki, vəziyyət tədricən öz normal axarına düşəcək, təhsilimizi müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq, distan təhsillə bağlı konkret qaydalar işlənəcək, özündə klassik və yeni texnologiyaları birləşdirən alternativ təhsil - "Hibrid” adlandırdığımız təhsil–vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda davam edəcək”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları